Logo

“İstehsal, ətraf mühit və bərpa olunan enerji” mövzusunda seminar keçirilib - FOTO

20.05.2024 20:34 270 baxış
IMG

Mayın 20-dən TƏMƏL (Peşəkar kadrların təminatı üzrə tərəfdaşlıq və məlumatlandırma) platforması çərçivəsində iqtisadiyyatın dayanıqlı inkişaf modelinə keçidin və təhsilin roluna həsr olunmuş maarifləndirmə həftəsinə start verilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, maarifləndirmə həftəsi çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzində “İstehsal, ətraf mühit və bərpa olunan enerji” mövzusunda interaktiv seminar və bərpa olunan enerji mənbələrinin nümayişi keçirilib. Tədbirin keçirilməsində məqsəd istehsalda bərpa edilən enerji mənbələrindən istifadə, enerjiyə qənaət, yaşıl keçidin ətraf mühitə təsirinin və peşə təhsilinin bərpa edilən enerji qurğularına xidmət sahəsində mütəxəssislərin yetişdirilməsində rolunun müzakirəsidir.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri, Sumqayıt şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən peşə təhsil müəssisələrinin rəhbərləri və işçiləri, bərpa olunan enerji sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı qeyd edilib ki, yaşıl iqtisadiyyata keçid ölkəmizdə prioritetdir və bu istiqamətdə kadr hazırlığı hər gün daha geniş vüsət alır. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov alternativ və bərpa olunan enerji mənbələri istiqaməti və yaşıl bacarıqlara keçidin peşə təhsili sistemi üçün yeni və vacib istiqamətlərdən olduğunu söyləyib. O bildirib ki, bu istiqamətdə növbəti tədris ilində “Alternativ enerji qurğu və avadanlıqlarının istismarı”, “Günəş panellərinin quraşdırıcısı və təmirçisi” və “Elektrik və hibrid avtomobillərin təmiri üzrə texnik” ixtisaslarına ümumilikdə 240 nəfərin qəbulu planlanıb. Agentlik direktoru qeyd edib ki, paralel olaraq tədris proqramları və dərsliklərin hazırlanması prosesi də davam edir. Müvafiq ixtisaslar üzrə artıq iki dərslik xarici dillərdən tərcümə olunub. Ceyhun Kərəmov işəgötürənlərin də bu istiqamətdə kadr hazırlığı prosesində fəal iştirak etməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

Qeyd edək ki, həftə çərçivəsində mayın 22-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Ekonəqliyyata keçid” sərgisi və mayın 24-də Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Kənd təsərrüfatında yaşıl innovasiyalar” mövzusunda infotur keçiriləcək. Həftənin yekununda - mayın 27-də milli sosial-iqtisadi prioritet olan təmiz ətraf mühit və “yaşıl artım” üzrə təhsil-təlim komponentlərini müzakirə etmək, bu istiqamətdə yeni sistemli yanaşmaları formalaşdırmaq məqsədilə “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfrans olacaq.

Xatırladaq ki, TƏMƏL platformasının məqsədi peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında sıx əməkdaşlıq münasibətlərinin qurulması və bu münasibətlərin daha da genişləndirilməsinin təmin edilməsidir.

​​​​​​

Xəbər lenti