Logo

Sabah MİQ üzrə sənəd qəbulu başa çatır

21.05.2024 09:28 210 baxış
IMG

Mayın 22-si saat 11:00-da dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi yekunlaşır.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçirilir. Müsabiqədə iştirak üçün namizədlər “ASAN Login” əldə etdikdən sonra miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi olmaqla 4 mərhələdən ibarətdir. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər. Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt verilir.

2024-2025-ci tədris ili üzrə keçirilən iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edən şəxslər müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı təmin olunmayacaq. Ətraflı məlumatı link vasitəsilə əldə etmək olar.

Xəbər lenti