Logo

Heydər Əliyev Mərkəzində “Görünməyənin cizgiləri” sərgisi açılacaq

21.05.2024 10:37 170 baxış
IMG

Heydər Əliyev Mərkəzi möhtəşəm heykəltəraşlıq nümunələrini təqdim etməyə hazırlaşır.

Tehsil.biz xəbər verir ki, mayın 23-də Mərkəzdə italiyalı heykəltəraş Canfranko Megiatonun fərdi sərgisi açılacaq.

Oktyabrın 26-nadək davam edəcək “Görünməyənin cizgiləri” adlı sərgidə müəllifin 40-dək əsəri nümayiş olunacaq. Əsərlərdən bir qismini heykəltəraş məhz Bakı sərgisi üçün yaratdığından onlar ictimaiyyətə ilk dəfə təqdim ediləcək.

Eskpozisiya Mərkəzin park əsazisində, foye və sərgi zalında qurulacaq. Mərkəzin qarşısında yer alacaq 6 metr hündürlüyündəki “Cücərmə” (“Germination”) adlı əsər isə xüsusi məna daşıyır.  Əsər  “biz hamımız bir ağacın yarpaqlarıyıq, bir orqanizmin hüceyrələriyik, bir varlığın hissələriyik. Bəşəriyyət ikili yanaşmanı aradan qaldırmaq üçün birlik və qardaşlığın bu konsepsiyalarını qəbul etməyincə nə sülh, nə də mənsub olduğumuz ətraf mühitə hörmət olacaq”- ideyasını çatdırır. 

Canfranko Megiato müasir incəsənət sahəsində dünyanın məşhur platforması kimi qəbul edilən Beynəlxalq İncəsənət Sərgisi - Biennalenin vətəni olan Venesiyada 1963-cü ildə dünyaya göz açıb. O, elə burada Dövlət İncəsənət İnstitutunda heykəltəraşlıq üzrə təhsil alıb. Megiato 16 yaşından əsərlərini sərgiləməyə başlayıb. Rəssam həykəllərinə elə quruluş verir ki, həmin əsərlər özünü və zəngin daxili dünyasını dərk etməyə çalışan insanın keşməkeşli yolunu təcəssüm etdirir.  

Heykəltəraşın əsərləri vətəni İtaliya ilə yanaşı ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Danimarka, Fransa, Hindistan, İsveçrə, İspaniya, Küveyt, Monako, Niderland, Portuqaliya, Rusiya, Sinqapur, Ukrayna və digər ölkələrdə sərgilənib. Onun heykəltəraşlıq nümunələri müxtəlif ölkələrin əlamətdar məkanlarını bəzəyir.

Canfranko Megiatonun əsərlərindən səhnə tərtibatında da istifadə edilir. Vaxtı ilə İtaliyanın Skolasium arxeoloji parkında səhnələşdirilmiş Bizenin “Karmen” operasındakı dekorasiyalar Canfranko Megiatonun müəllifi olduğu heykəllərdən qurulmuşdu. Rəssam heykəltəraşlıq instalyasiyalarında möhtəşəm ifaedici gücə və estetik dəyərə malik olan qədimlik və müasirliyin mahircəsinə birləşdirilməsinə görə ICOMOS/UNESCO mükafatına layiq görülüb. 

Xəbər lenti