Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin Mərmərə Universitetinin rektoru Mustafa Kurt ilə görüşüb.
Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.
Rektor Elçin Babayev qonağa 105 yaşlı BDU-nun tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib. BDU-nun türkdilli ölkələrlə, o cümlədən qardaş Türkiyənin ən tanınmış universitetləri ilə sıx əməkdaşlıq etdiyi bildirilib. O, BDU-nun nəzdində Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzində biotexnologiyalar, nanotexnologiyalar, kimya, riyaziyyat və digər sahələr üzrə birgə elmi tədqiqatlar aparmağı təklif edib. Rektor qeyd edib ki, hər iki universitet elmin müxtəlif sahələri üzrə ikili diplom proqramları imzalaya, ortaq layihələr və tədbirlər icra edə bilər.
BDU-da olmaqdan məmnunluğunu bildirən Mustafa Kurt hər iki ölkənin köklü universitetlərinin əməkdaşlığının qardaş xalqların inkişafına fayda verəcəyinə əminliyini bildirib. O, Mərmərə Universitetinin BDU ilə birgə beynəlxalq tədqiqat layihələrində iştirak və birgə araşdırma mərkəzi yaratmaq imkanlarını yüksək qiymətləndirib.
Görüşdə iki universitet arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.