Logo

Abbasqulu Ağa Bakıxanovun 230 illik yubileyinə həsr edilən tədbir keçirilib - FOTO

21.05.2024 19:43 278 baxış
IMG

Mayın 21-də Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində Abbasqulu Ağa Bakıxanovun 230 illik yubileyinə həsr edilən tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Bakıxanovlar şəcərəsinin tədqiqatçısı Xəyalə Günəş Əyriçalmalı çıxış edib.

Sonra Bakıxanovlar nəslinin nümayəndəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistratura tələbəsi Vüsalə Qasımovanın “Qüdsi” filmi təqdim edilib.

Tədbirdə AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri professor Şahin Fazil Bakıxanovun Azərbaycan tarixşünaslığındakı rolundan danışıb.

Həmçinin Tarix və Etnologiya İnstitutunun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları Cəbi Bəhramov və Hacı Həsənov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Gülər Abdullabəyova, Bakıxanov nəslinin nümayəndəsi professor Tofiq Bakıxanov və başqaları çıxış ediblər.

Qonaqlar Abbasqulu Ağa Bakıxanovun zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açıblar. Bildiriblər ki, Abbasqulu Ağa Bakıxanov “Qanuni-Qüdsi”, “Əsrarül-mələkut”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli biliyə malik alim olduğunu göstərir.

Çıxışlarda A.A.Bakıxanovun müxtəlif elm sahələrinə aid əsərlərinin əhəmiyyəti xüsusi vurğulanıb, əsərləri haqqında yeni tədqiqat işlərinin aparılması zərurəti qeyd olunub.

Tədbir musiqi proqramı ilə davam edib.

Xəbər lenti