Logo

DQİDK və Penitensiar Xidmət arasında birgə tədbirlər planı imzalanıb - FOTO

21.05.2024 23:48 228 baxış
IMG

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəhbərliyi arasında birgə fəaliyyətin təşkili ilə bağlı görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, Penitensiar xidmətin Baş idarəsində keçirilən görüşdə Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov qonaqları salamlayaraq, ədliyyə naziri cənab Fərid Əhmədovun tapşırığına əsasən məhkumların, həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində dövlət qurumları ilə sıx əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hər zaman məhkumların vicdan və dini etiqad azadlıqlarının təmin edilməsi istiqamətində əməli addımlar atdığını bildirən nazir müavini Komitə ilə Penitensiar xidmət arasında uzun illər sıx əməkdaşlığın mövcud olduğunu, azadlıqdan məhrum edilmiş şəxslərin sosial adaptasiyasında və islah işlərində birgə layihələrin uğurla icra olunduğunu vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanda əsrlər boyunca müxtəlif dinlərin, etnik qrupların birgə yaşadığını, ölkədə daim dini tolerantlığın hökm sürdüyünü, konstitusion hüquqların, multikultural dəyərlərin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib. Uzunmüddətli birgə fəaliyyətə diqqət çəkən Komitə sədri məhkumların vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirmə işinin genişləndirilməsinin önəmini vurğulayıb. Qeyd edib ki, Dövlət Komitəsi birgə fəaliyyətin təşkili məqsədilə aktual məsələlərin müzakirəsinə dair mütəmadi görüşlərin, tədbirlərin keçirilməsinə hər zaman hazırdır.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, imkanlar qiymətləndirilib. Tərəflər arasında növbəti illər ərzində fəaliyyətin koordinasiya edilməsi məqsədilə birgə Tədbirlər Planı imzalanıb.

Sonda qonaqlar Penitensiar xidmətin Baş idarəsindəki yeni muzeydə Ulu Öndər Heydər Əliyev və Zəfər şəhidlərinin xatirə guşələri ilə tanış olub, xatirə şəkli çəkdiriblər.

Xəbər lenti