Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) iki beynəlxalq akkreditasiyadan keçib.
Ali təhsil müəssisəsindən "Tehsil.biz"ə bildirilib ki, bununla da məzunlar üçün sərhəddsiz iş imkanları yaranıb.
Qeyd edilib ki, son illər Azərbaycanda inşaat sektoru və yol infrastrukturu ilə bağlı həyata keçirilən böyük layihələr, xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli tikinti-quruculuq işləri, yeni və müasir standarlara cavab verən nəqliyyat infrastrukturunun yaradılması İnşaat mühəndisliyi və Nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə kadr hazırlığı prosesi qarşısında mühüm vəzifələr yaradıb.
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tərəfindən hər iki ixtisas üzrə istehsalatın tələbləri, beynəlxalq təcrübə, eləcə də potensial imkanlar öyrənilərək inkişaf konsepsiyası hazırlanıb. İnkişaf konsepsiyası üzrə prosesin nəticələrinin təhlili üçün universitet tərəfindən Beynəlxalq Akkreditasiya və Reytinq Agentliyinə (İAAR) müraciət edilib və mayın 13-16-da akkreditasiya prosesi həyata keçirilib. İAAR-ın təhlil nəticələrinə görə, AzMİU-nun İnşaat mühəndisliyi və Nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə kadr hazırlığının beynəlxalq standartlara uyğun olduğu bildirilib.
Bundan əlavə, ixtisasların beynəlxalq akkreditasiyası İnşaat mühəndisliyi və Nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə məzunlara sərhədsiz iş imkanı da yaradıb. Belə ki, diplom əlavəsi kimi məzunlara təqdim olunacaq akkreditasiya sənədi beynəlxalq arenada yüksək təhsil sertifikatı kimi qəbul olunur.
AzMİU-da daha bir akkreditasiya prosesi isə Britaniya Memarlarının Kral İnstitutu (RİBA) tərəfindən həyata keçirilib. RİBA-nın müxtəlif ölkələrdən olan beynəlxalq ekspertləri Memarlıq fakültəsində tədrisin keyfiyyəti, maddi-texniki baza, professor-müəllim heyəti, təhsil mühiti, bir sözlə memarlıq ali təhsili üzrə zəruri olan bütün istiqamətlərdə təhlillər apardılar və nəticəni müsbət qiymətləndiriblər. Beləliklə, Memarlıq fakültəsi növbəti 5 il müddətinə nüfuzlu RİBA akkreditasiyasını əldə edib.