Logo

Dövlət Məşğulluq Agentliyi ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

22.05.2024 16:18 239 baxış
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Tehsil.biz xəbər verir ki, sənədin imzalanması tədbirində Agentliyin İdarə heyətinin sədri Mustafa Abbasbəyli qurumun fəaliyyəti, qarşıya qoyulan hədəflər və əldə olunan nəticələr haqqında danışıb. Məşğulluğun təmin olunmasında ən dayanıqlı alətin təhsil olduğunu deyən M.Abbasbəyli təhsil, məşğulluq və əmək bazarı arasında körpünün daha təkmil şəkildə qurulmasının əsas çağırış və hədəflərdən olduğunu diqqətə çatdırıb. Sədr Aqrar Universitetdə olmaqdan məmnunluğunu bildirib, keçirilən görüşün birgə işlərin görülməsi istiqamətində məhsuldar olacağını diqqətə çatdırıb.

ADAU-nun rektoru Zəfər Qurbanov universitetin fəaliyyəti, tələbələr üçün yaradılan imkanlar barədə məlumat verib, məzunların işlə təmin olunmasının ali təhsil ocağının əsas hədəflərindən biri olduğunu, onların gələcək karyera inkişafının daim diqqətdə saxlandığını qeyd edib.

Sonra əməkdaşlıq memorandumu imzalanıb.

Memoranduma əsasən, tərəflər arasında əmək bazarının araşdırılması, əmək bazarının tələblərinə uyğun tədris proqramlarının təkmilləşdirilməsi, məşğulluq sahəsində yeni ideyaların formalaşdırılması, müsabiqələrin və birgə layihələrin təşkili, startap və inkubasiya mərkəzlərinin yaradılması, tələbələrin təcrübə proqramlarına cəlb olunması, həssas qruplardan olan tələbələr üçün müxtəlif sosial layihələrin hazırlanması və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.

Daha sonra tədbirdə “Məzunların məşğulluq reytinqi” platformasının təqdimatı olub. Bildirilib ki, əmək bazarı ilə əlaqəli hər bir şəxsin maraq dairəsində olacaq, ixtisas seçimində əsas naviqator roluna malik “Məzunların məşğulluq reytinqi” platformasının hazırlanmasında əsas məqsəd abituriyentlərin ali təhsil müəssisələrinin məşğulluq imkanları haqqında məlumatlılığını təmin etmək və məzunların məşğulluq reytinqi xəritəsinin yaradılmasıdır.

“Məzunların məşğulluq reytinqi” platformasından istifadə ali təhsil müəssisələrinə qəbulun planlaşdırılmasına və kvotaların müəyyənləşdirilməsinə də ciddi töhfə verəcək.

Daha sonra universitetin müasir laboratoriyaları, tələbə parkı, açıq və qapalı balıqyetişdirmə laboratoriyaları, istixana kompleksi, eksperimental heyvandarlıq kompleksi ilə tanışlıq olub.

Xəbər lenti