Azərbaycan-Fransız Universitetinin (UFAZ) Karyera Mərkəzi tərəfindən təşkil olunan “Mühəndislikdə yumşaq bacarıqlar” adlı layihənin yekun təqdimatı keçirilib.
UFAZ-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə çıxış edən universitetin icraçı direktor əvəzi Lətifə Nəsibova Karyera Mərkəzinin tələbələrin peşəkar inkişafı istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulayıb və layihəni yüksək qiymətləndirib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov yumşaq bacarıqların müasir dünyada olduqca zəruri olduğunu diqqətə çatdırıb.
Strasburq Universitetinin vitse-prezidenti, UFAZ-ın koordinatoru Jan Mark Planeks işgüzar kommunikasiyada komanda ilə işləmək, problem həlletmə kimi yumşaq bacarıqların tələbələrə qazandırılmasını hədəfləyən layihəni olduqca uğurlu bir təşəbbüs kimi qiymətləndirib.
Sonra “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş əməliyyat inzibatçısı Cəlal Orucov, “EY Azərbaycan” şirkətinin İnsan Resursları Departamentinin rəhbəri Samirə Şabanova və HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov mövzu ilə bağlı çıxış ediblər.
Sonda təlimləri uğurla başa vuran 33 iştirakçı, həmçinin təlimçilər sertifikatlarla təltif olunublar.
“Mühəndislikdə yumşaq bacarıqlar” adlı ödənişsiz təlimlər gələcək mühəndislərin peşəkarlığını artırmaq məqsədi daşıyır. Layihə mühəndislik sahəsində təhsil alan 3-cü və 4-cü kurs tələbələri üçün nəzərdə tutulub. Məqsəd onları peşəkar həyata, təcrübə proqramlarına, həmçinin müsahibələrə hazırlamaqdır. Dörd həftə davam edən və ingilis dilində keçirilən təlimlərdə iştirak üçün müxtəlif universitetlərdən cəmi 136 müraciət daxil olub və onların içərisindən 40 ən yaxşı tələbə iştirak üçün haqq qazanıb. Proqram boyu 9 təlimçi “Biznesin əsasları”, “Yumşaq bacarıqlar” və “Maliyyə savadlılığı” blokları üzrə seminarlar keçiblər.