Logo

Yaponiyanın ölkəmizdəki səfiri ADU-nun qonağı olub - FOTO

22.05.2024 22:17 194 baxış
IMG

Mayın 22-də Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, son illər Azərbaycan və Yaponiya arasında iqtisadi, siyasi, elmi və mədəni əlaqələr sürətlə inkişaf edir. Bildirilib ki, ADU beynəlxalq əlaqələrin qurulması baxımından bir çox uğurlara imza atıb:

“Ümid edirik ki, Azərbaycanda olduğunuz müddətdə universitetimizlə əlaqəniz artacaq, genişlənəcək. Arzu edirik ki, Yaponiyada fəaliyyət göstərən universitetlərdən biri ilə birbaşa elmi, mədəni əlaqələrimiz qurulsun. Bu əlaqələrin qurulması yeni elmi təcrübələrin öyrənilməsi, müəllim-tələbə mübadilələrinin aparılması üçün mühüm əhəmiyyət kəsb edir. Onu da qeyd edim ki, bizim universitetdə xarici ölkələrin dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərdiyi kimi, paralel olaraq bəzi ölkələrin universitetlərində də Azərbaycan dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. Yaxşı olardı ki, Yaponiya universitetlərinin biri ilə bizim əlaqəmiz yaransın və bizim o universitetdə Azərbaycan dilini və mədəniyyətini təbliğ etmək imkanımız olsun.

ADU-da iyirmi beşdən çox xarici dil tədris olunur. Bunların arasında ən vacib olanlarından biri yapon dilidir. Tələbələrimiz yapon dilinə və mədəniyyətinə böyük maraq göstərir. Hal-hazırda əlli beş nəfər tələbə yapon dili ixtisası üzrə təhsil alır. Bu maraq ildən-ilə artmaqdadır.

Eyni zamanda ADU-da fəaliyyət göstərən Yaponiya Araşdırmaları Mərkəzinin Yaponiyanın Azərbaycandakı səfirliyi ilə sıx əlaqələri mövcuddur. Səfirlik nümayəndələri Yaponiya Araşdırmalar Mərkəzi tərəfindən keçirilən tədbirlərdə yaxından iştirak edirlər. Eləcə də səfirlikdə təşkil olunan tədbirlərdə Azərbaycan Dillər Universitetinin yaponşünas tələbələri iştirak edir”.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirən səfir ADU-da olmaqdan məmnun olduğunu bildirərək, universitetlə bütün istiqamətlərdə yaxından əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.

Azərbaycan və Yaponiya arasında elmi, iqtisadi, mədəni əlaqələrin inkişafından danışan diplomat elmi əməkdaşlıq baxımından iki ölkə arasında kifayət qədər əlverişli imkanların olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan son illər bütün sahələrdə olduğu kimi elm, təhsil sahəsində də böyük uğurlara imza atmaqdadır.

Xəbər lenti