Bakı Mühəndislik Universitetində (BMU) inşaat mühəndisliyi ixtisasının tələbələri ilə “North West Construction” şirkətinin nümayəndələrinin görüşü təşkil olunub.
Bu barədə "Tehsil.biz"ə BMU-dan məlumat verilib.
Şirkətin İnsan resursları departamentinin baş inzibatçısı Tural Hüseynov tələbələri interaktiv diskussiyaya cəlb edərək, diqqəti inşaat mühəndisliyi ixtisası üzrə məzunlardan gözləntilərə yönəldib. Eyni zamanda tələbələrin tikinti sənayesində, seçdikləri hər hansı digər sahədə uğur qazanmaq üçün inkişaf etdirməli olduqları bacarıq və keyfiyyətlər barədə məsləhətlər verib.
Sonra şirkətin Biznesin inkişafı və investisiya departamentinin qrup rəhbəri Adil Qasımov həyata keçirdikləri layihələri, həm Azərbaycan daxilində, həm də beynəlxalq miqyasda apardıqları geniş işləri tələbələrin diqqətinə çatdırıb. O, şirkətin Qarabağda aparılan yenidənqurma işlərinə verdiyi töhfələr haqqında da danışıb.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.