"Azərbaycan ali təhsil müəssisələri müəyyən mənada gənc hesab oluna bilər".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında (İSCEMR) deyib.
Onun sözlərinə görə, təhsil islahatları zamanı bəzi müəssisələrin adının akademiya, institut kimi dəyişməsi də təsadüfi deyil:
"Elm və Təhsil Nazirliyi olaraq elmi tədqiqatların da stimullaşdırılması bizim üçün əhəmiyyətlidir. Hazırda universitetlərdə elmi tədqiqat sahəsində ən böyük problem adambaşına maliyyələşmə ilə bağlıdır”.
Nazir bildirib ki, adambaşına maliyyələşmə modeli adından da göründüyü kimi yalnız tələbənin tədrisi üçün lazım olan maliyyə xərclərini ehtiva edir:
“Bunun içində hansısa tədqiqat komponenti yoxdur. Təhsilhaqqı ilə tədqiqatı maliyyələşdirmək çətin bir prosesdir. Bu gün bəzi universitetlər təhsilhaqqından qənaət etdiyi vəsait hesabına tədqiqat işləri görür. Yalnız ötən il pilot şəklində maliyyələşmə forması tətbiq edilib. Nəticədə bir neçə ali təhsil müəssisəsinə 8 milyon manat verilib. Azərbaycanın ali təhsil müəssisələri gəncdir. Uzun müddət ərzində kadr hazırlamağa fokuslanan müəssisə olub. İstənilən reytinq nüfuzunu müəyyən edən əsas amil elmi tədqiqatın çəkisi və keyfiyyətidir. Artıq bütün dünyada elmi-tədqiqatların ölçülməsinin açıq metrikləri var. Son bir neçə ildə davamlı artan istiqamətdə bir sıra universitetlərimizin elmi tədqiqat işlərində kəmiyyət və keyfiyyət dəyişiklikləri müşahidə olunur”.
Mərcanə Əsədova