Logo

Ədəbiyyat İnstitutunun əməkdaşı Türkmənistanda beynəlxalq konfransda məruzə edib - FOTO

23.05.2024 18:50 144 baxış
IMG

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Töhfə Talıbova Türkmənistanda keçirilən “Hikmət mənbəyi Məhtimqulu Fəraqi” adlı beynəlxalq elmi konfransda iştirak edib.

Ədəbiyyat İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, Məhtimqulu Fəraqinin tanınmış tədqiqatçılarından olan T.Talıbova konfransdakı çıxışında Məhtimqulu Fəraqi ədəbi irsinin Azərbaycanda geniş tədqiqindən, onun 1814-cü ildə Buxarada daşbasma üsulu ilə çapdan çıxmış nadir Divanının Azərbaycanda aşkarlanaraq transliterasiya edilib Azərbaycan və türkmən dillərində kitab şəklində nəşr olunmasından danışıb. O, həmçinin mütəfəkkir şairin yaradıcılığına həsr olunmuş monoqrafiya və məqalələrdən ətraflı bəhs edib. T.Talıbova konfransın açılışında və bölmələrində də çıxış edib. Bununla yanaşı, Türkmənistanın televiziya kanallarına müsahibələr verib və dövlət televiziyasının canlı debatında tanınmış alimlərlə birlikdə çıxış edib.

Qeyd edək ki, Türkmənistan Elmlər Akademiyası Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutu tərəfindən təşkil edilən konfransa bir sıra ölkələrin - Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Rusiya, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İngiltərə, Hindistan, Amerika Birləşmiş Ştatlarının tanınmış elm və mədəniyyət xadimləri qatılıblar.

Xəbər lenti