“Gələcəyinin memarı ol” devizi altında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təbliğat-təşviqat qrupunun üzvləri Sumqayıt məktəbliləri ilə görüşüblər.
Bu barədə "Tehsil.biz"ə AzMİU-dan bildirilib.
Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində gerçəkləşən görüşdə yuxarı sinif şagirdlərinə AzMİU-da tədris mühiti, onun üstünlükləri və perspektivləri, tələbələrə yaradılan şərait, iş və təcrübə imkanları, ali təhsil ocağının beynəlxalq əlaqələri, ikili diplom layihələri haqqında geniş məlumat verilib, onların sualları cavablandırılıb.
Prorektor Orxan Naqdiyev yüksəkixtisaslı memarlar, inşaatçılar və mühəndislər yetişdirən AzMİU-ya qəbul qaydalarından danışıb. İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili də çıxışlarında AzMİU-nu seçməyin məktəblilərə qazandıracağı üstünlüklərdən, universitetin təhsil imkanlarından bəhs ediblər.
Tədbirdə AzMİU-nun tanıtım videoçarxı nümayiş olunub.