Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, mayın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şamaxı şəhərində vətəndaşlarla görüşüb.
Dövlət Komitəsindən "Tehsil.biz"ə bildirilib ki, görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.
Görüşdə Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı, dini təhsil, maarifləndirmə işinin genişləndirilməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.