Logo

Professor Qafar Əfəndiyevin 100 illik yubileyi qeyd olunub

24.05.2024 14:34 182 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin təşkilatçılığı ilə Azərbaycanda fiziki elektronika məktəbinin əsasını qoymuş görkəmli alim, professor Qafar Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, tədbirdə çıxış edən rektor Elçin Babayev BDU-nun 105 illik yubileyi ərəfəsində universitetin tarixinə çevrilmiş şəxsləri xatırlamağın və gənc nəslə tanıtmağın vacibliyini söyləyib. Rektor Qafar Əfəndiyevlə bağlı tələbəlik illərinə aid xatirələrini bölüşüb, onu tələbkar, qayğıkeş müəllim kimi xatırladığını diqqətə çatdırıb.

Fakültə dekanı Bəxtiyar Paşayev BDU-da Fiziki elektronika kafedrasının yaranmasının professor Qafar Əfəndiyevin adı ilə bağlı olduğunu deyib. Tanınmış alim uzun illər bu kafedraya rəhbərlik edib, ölkədə fizika sahəsində yüksəkixtisaslı kadrların yetişməsində böyük xidmətlər göstərib.

Fakültənin III kurs tələbəsi Aytac Rəsulova Qafar Əfəndiyevin tərcümeyi-halı haqqında məlumat verib.

Sonra Qafar Əfəndiyevə həsr olunmuş videoçarx nümayiş olunub.

Fiziki elektronika kafedrasının müdiri Əhməd Abdinov Qafar Əfəndiyevin elmi-pedaqoji fəaliyyəti barədə məruzə edib. O, keçən əsrin 50-ci illərindən başlayaraq akademik Həsən Abdullayevlə birgə Qafar Əfəndiyevin təşəbbüsü ilə Azərbaycanda yarımkeçiricilər fizikası istiqamətində tədqiqatlara başlanıldığını, bunun nəticəsi kimi keçmiş SSRİ-də ikinci Yarımkeçiricilər fizikası laboratoriyasının BDU-da yaradıldığını qeyd edib. Bildirib ki, sonralar Qafar Əfəndiyevin dəstəyi, təşəbbüsü ilə BDU-nun Fizika fakültəsinin sonuncu kurs tələbələri, məzunları keçmiş SSRİ-nin bir çox aparıcı elm və təhsil mərkəzlərində diplom işi yerinə yetirmək, aspiranturada təhsil almaq və tədqiqatlar aparmaq üçün göndərilib. Məhz həmin kadrlar sonradan BDU-da fiziki elektronika üzrə elmi məktəbin formalaşmasında və Fiziki elektronika kafedrasının təşəkkül tapmasında yaxından iştirak ediblər.

Tədbirdə çıxış edənlər Qafar Əfəndiyevin Azərbaycan elmi və təhsili qarşısında göstərdiyi xidmətlərdən danışıb, onunla bağlı xatirələrini söyləyiblər.

Sonda Qafar Əfəndiyevin qızı, Maddə quruluşu kafedrasının professoru Sacidə Əbdülvahabova tədbirin təşkilinə görə BDU-nun və fakültənin rəhbərliyinə təşəkkür edib.

Xəbər lenti