Logo

BMU-da Azərbaycanın nəqliyyat sistemi ilə bağlı elmi-praktik konfrans keçirilir - FOTO

24.05.2024 15:28 246 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) təşkilatçılığı ilə “Azərbaycan beynəlxalq nəqliyyat sistemində: hədəflər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

BMU-dan "Tehsil.biz"ə bildirilib ki, konfransda açılış nitqi ilə çıxış edən elmi işlər üzrə prorektor Ağası Məlikov nəqliyyatın ölkənin iqtisadi inkişafında, hərbi qüdrətinin yüksəldilməsində, əhalinin sosial həyatının inkişafında danılmaz əhəmiyyətindən danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat sahəsində görülən genişmiqyaslı işləri vurğulayan prorektor Azərbaycanın bütün ərazisində müasir nəqliyyat şəbəkəsinin qurulmasının daim diqqət mərkəzində saxlanıldığını deyib. Hazırda isə Qarabağda və Şərqi Zəngəzurda ən müasir nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı işlərin aparıldığını qeyd edən prorektor bütün bunların ölkə başçımızın nəqliyyat sektoruna diqqətinin əyani təzahürü olduğunu söyləyib.

A.Məlikov çıxışında nəqliyyatın logistik inkişafı ilə bağlı qarşıda duran vəzifələrdən bəhs edib, eyni zamanda, nəqliyyat logistikasının elmi-praktik istiqamətlərinin tədqiqi, onun vacib bir sahə kimi inkişafının prioritet olduğunu bildirib.

BMU-da 2017-ci ildən başlayaraq nəqliyyat logistikası sahəsi üzrə ilk dəfə tələbə hazırlığına başlanıldığını xatırladan prorektor universitetdə logistika sahəsində elmi-təcrübi araşdırmaların aparıldığını, nəqliyyat sahəsi ilə bağlı müxtəlif tədbirlərin keçirildiyini nəzərə çatdırıb. O, BMU-da nəqliyyat sisteminə həsr edilən sayca ikinci konfransa böyük marağın olduğunu, ümumilikdə Azərbaycan da daxil olmaqla 6 ölkədən 60 elmi məqalənin konfransın proqramına daxil edildiyini söyləyib. “Məlumdur ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabr ayında Bakıda keçiriləcək. Ətraf mühitin qorunması nəqliyyatçılar qarşısında da mühüm vəzifələr qoyur. Fərəhləndirici haldır ki, konfransa nəqliyyatın ekoloji problemlərinin araşdırılması, ətraf mühitə vurulan zərərin azaldılması, nəqliyyatda alternativ enerjiyə keçilməsi və dayanıqlı nəqliyyat ilə bağlı xeyli sayda elmi məqalə daxil olub”, - deyə A.Məlikov qeyd edib və konfransın nəqliyyat sahəsində elmi tədqiqatlarının stimullaşdırılmasına töhfə verəcəyinə inandığını söyləyib.

BMU-nun Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev isə çıxışında ölkəmizdə həyata keçirilən nəqliyyat, logistika layihələrindən söz açıb. O bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərdə qurulan yeni nəqliyyat infrastrukturu dövlətimizin iqtisadi gücünü və bu sahə üzrə mütəxəssislərimizin olmasını göstərir.

Konfransın plenar iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Avtomobil nəqliyyatı infrastrukturu və ekspertizası departamentinin direktoru Mirhəmid Bağırovun, Agentliyin Təlim-Tədris Departamentinin direktor müavini professor Əziz Talıbovun, 29 Eylül Universitetinin Bilişim sistemləri fakültəsinin dosenti Hüsrev Kastacının və Azərbaycan Texniki Universitetinin Nəqliyyat və logistika kafedrasının müəllimi Mahir Mustafayevin məruzələri dinlənilib.

Çıxışlardan sonra məruzəçilərə sertifikatlar təqdim olunub.

İki gün davam edəcək konfransın seksiyalarında nəqliyyatın aktual problemləri ilə bağlı geniş müzakirə aparılacaq, logistika, nəqliyyat dəhlizlərinin işi, hərəkətin təşkili, nəqliyyatda təhlükəsizlik və risklərin idarə edilməsi, qlobal istiləşmə, alternativ enerjiyə keçid kimi istiqamətlərdə məruzələr dinləniləcək.

Xəbər lenti