Logo

ATU ilə Özbəkistanın Səmərqənd Tibb Universiteti birgə elmi konfranslar təşkil edəcək - FOTO

24.05.2024 17:07 161 baxış
IMG

Azərbaycan Tibb Universitetinin (ATU) Özbəkistanın Səmərqənd Tibb Universiteti ilə əlaqələri növbəti mərhələyə qədəm qoyub. Bu gün iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

ATU-nun mətbuat xidmətindən "Tehsil.biz"ə verilən məlumata görə, imzalanma mərasimində universitetin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək iki ali məktəb arasında münasibətlərin daha çox illik tarixə əsaslandığını bildirib. O, indiyədək universitetlər arasında qarşılıqlı səfərlər, birgə layihələrin olduğunu, ötən il ATU-nun tələbələrinin IV Beynəlxalq “Səmərqənd-2020” Olimpiadasında uğur qazandığını xatırladıb. Rektor sazişin imzalanmasından sonra əməkdaşlıq əlaqələrinin daha da güclənəcəyi, iki universitetin müştərək beynəlxalq proqramlarda iştirakının təmin olunacağını qeyd edib.

Səmərqənd Tibb Universitetinin rektoru professor Jasur Rizayev yeni imzalanmış memorandumun iki universitet arasında hərtərəfli əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb. O, qarşılıqlı əməkdaşlığın tələbə və müəllim mübadiləsi ilə yanaşı, mövcud təcrübənin paylaşılması, ikili idiplomların reallaşmasına da aid olacağını bildirib.

ATU ilə Özbəkistanın Səmərqənd Tibb Universiteti arasında memorandum elmi mübadilə ilə yanaşı, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur.

Qeyd edək ki, Səmərqənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin fəaliyyəti ilə tanış olmaq məqsədilə Bakıda bir neçə günlük səfərdədir. Bu müddətdə qonaqlar ATU-nun Stomatoloji Klinikasında, İnsan anatomiyası və tibbi terminologiya, Patoloji fiziologiya, Patoloji anatomiya və Ağız və üz-çənə cərrahiyyəsi kafedralarında tanışlıq xarakterli görüşlər keçirib, qarşılıqlı fikir mübadiləsi aparıblar. Eyni zamanda Anatomiya Muzeyində saxlanılan unikal eksponatlarla tanış olublar. Bakıya səfər çərçivəsində qonaqlar həmçinin ATU-da keçirilən konsert proqramında da iştirak ediblər.

Xəbər lenti