Mayın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 44 günlük Vətən müharibəsində şəhid olan Cavid Həsənova həsr edilmiş “Yuxumdakı şəhid” sənədli filminin təqdimatı keçirilib.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin, “Biz bir ailəyik” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin, Erfolg Events MMC-nin təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində ADNSU-da şəhidlər üçün ucaldılmış abidə kompleksi ziyarət olunub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində keçdiyi şərəfli yoldan və qazanılan şanlı Zəfərdən danışıb. ADNSU-nun 23 nəfər şəhid məzunu olduğunu diqqətə çatdıran dosent Vazeh Əskərov universitetdə bütün şəhidlərin xatirəsinin hər zaman dərin ehtiramla yad olunduğunu bildirib və qəhrəman oğulların şərəfli həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışıb.
Şəhid Cavid Həsənovun anası Mirvari xanım oğlu ilə qürur duyduğunu deyib və onunla bağlı xatirələrini bölüşərək şəhidlərin xatirəsinə göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirib.
“Biz bir ailəyik” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri Günay Ağazadə çıxışında yuxusunda gördüyü şəhid Cavid Həsənov haqqında filmin ideyasından danışıb və şanlı Zəfər tarixini yazan bütün şəhidlərin xatirəsinin qəlbimizdə əbədi yaşayacağını deyib.
Tədbir ADNSU-nun “Gənclik” mahni və rəqs ansamblının, eləcə də tələbələrin çıxışlarında bədii hissə ilə davam edib.
Sonda “Yuxumdakı şəhid” filmi nümayiş olunub.