Logo

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub - FOTO

24.05.2024 21:49 153 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasının önündəki Elmlər Akademiyası parkında III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının (III LitBookFest) açılışı olub.

Akademiyadan "Tehsil.biz"ə bildirilib ki, festival Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TİKA və digər qurumların dəstəyi ilə təşkil olunur.

Səkkiz gün davam edəcək festivalın hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Açılış mərasimində öncə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Türk dünyasının sarsılmaz birliyinə, türk dövlətləri arasındakı əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının əhəmiyyətindən danışıb. Xalq yazıçısı əsrlər boyu kitabın insanların ilk və ən yaxın sirdaşına çevrildiyini, onun yetişməsində, kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşündə, hərtərəfli inkişafında əvəzsiz rol oynadığını bildirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri festivalın əsas məqsədinin iştirakçılar arasında mütaliə mədəniyyəti və oxu vərdişini inkişaf etdirmək, insanların kitaba marağını daha da artırmaq olduğunu söyləyib, tədbirə qatılan qardaş türk dövlətlərindən gələn qonaqlara təşəkkür edib.

Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli festivalın türk dövlətlərinin dostluğunun, birliyinin daha bir parlaq nümunəsi olduğunu vurğulayıb. III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının bir sıra cəhətləri ilə digərlərindən fərqləndiyini deyən akademik İsa Həbibbəyli builki festivalın ilk dəfədir ki, Azərbaycanın tam ərazi bütövlüyü şəraitində qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin möhkəm iradəsi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfərin işığında və ondan sonra aparılmış uğurlu əməliyyatlar sayəsində qazanılmış tam ərazi bütövlüyü həm Azərbaycan, həm də Türk dünyası üçün böyük əhəmiyyətə malik tarixi hadisədir. O, ölkəmizin tam ərazi bütövlüyü şəraitində keçirilən bütün tədbirlərin, eləcə də bugünkü festivalın qarşımızda yeni tarixi dövrün açılmasına kitabın, mədəniyyətin və elmin də xidmət edəcəyinə inamı, ümidləri artırdığını deyib.

Akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki çıxışı zamanı Türk dünyası ilə əməkdaşlığı dövlət siyasətində əsas prioritet kimi müəyyənləşdirdiyini və Türk Dövlətləri Təşkilatını vahid bir ailə kimi təsvir etdiyini bildirib. O, indiki tarixi mərhələnin Türk dünyası ilə inteqrasiyanın genişlənmə imkanlarının daha da möhkəmlənməsinə xidmət etdiyini söyləyib.

AMEA rəhbəri vurğulayıb ki, III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Türk dünyası ilə əlaqələrin genişlənməsi zərurətinin meydana qoyulduğu indiki zamanda bu inteqrasiyanın daha da inkişafına sanballı töhfədir.

Ötənilki festivalda AMEA-nın kollektivinin ölkəmizin digər ziyalıları ilə birgə yaxından iştirak etdiyini xatırladan akademik İsa Həbibbəyli Azərbaycan alimlərinin bir həftə ərzində elmimizin nailiyyətlərini Türk dünyasına çatdırdığını, eyni zamanda, Türk dünyasının elmi-mədəni, ədəbi mühitində gedən prosesləri yaxından izlədiyini bildirib.

Akademik İsa Həbibbəyli Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının ölkəmizdə ziyalı mühitinin, eləcə də Azərbaycan elminin və mədəniyyətinin inkişaf etdirilməsi baxımından əlamətdar hadisə olduğunu vurğulayıb.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Türk dünyasının ədəbi zənginliyindən danışıb, festivalın türk tarixi və mədəniyyətinin təbliğinə xidmət etdiyini diqqətə çatdırıb. 

O, həmçinin vaxtilə Ulu Öndər Heydər Əliyevin Türk dövlətləri başçılarının ikinci Zirvə toplantısında çıxışı zamanı səsləndirdiyi “Bizim mədəni birliyimizi siyasi birliyimiz tamamlamaqdadır”, - sözlərini xatırladıb. Ötən illər ərzində Türk dünyasının möhkəm siyasi birliyinin meydana gəldiyini söyləyən akademik Nizami Cəfərov ədəbiyyatın və kitabın Türk dünyasının birliyində əsas şərtlərdən biri olduğunu deyib. Bildirib ki, ədəbiyyatda dil, düşüncə, qədim eposlar, dastanlar, kütləvilik, hər bir türk insanının fikrini ifadə etmək qabiliyyəti var.

Akademik Nizami Cəfərov, həmçinin son zamanlar ortaq türk əlifbasının yaradılması ilə bağlı müzakirələrin aparıldığını və bunun dövrün çağırışı olaraq mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

O, ictimai-siyasi və ədəbi yaradıcılıq baxımından ciddi əsaslara dayanan festivalın işinə uğurlar diləyib.

Tədbirdə Beynəlxalq Türk Akademiyasının təmsilçisi Əbülfəz Süleymanlı, TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı, TİKA Bakı proqram koordinatoru Hayrettin Özçelik, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və tanıtma müşaviri Muhittin Macit, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı çıxış edərək festivalın böyük söz bayramı olduğunu, türk xalqları arasında ədəbi-mədəni əlaqələri gücləndirəcəyini və gənc nəslin Türk dünyasının böyük şəxsiyyətlərini tanımasına yardım edəcəyini vurğulayıblar.

Festival ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Qeyd edək ki, türksoylu ölkələrdən alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, konfranslar, konsert proqramları ilə yanaşı, görkəmli ədiblərin yubileylərinə həsr olunan tədbirlər də təşkil olunacaq. Eyni zamanda, müxtəlif nəşriyyatların yeni nəşrləri təqdim ediləcək.

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı mayın 31-dək davam edəcək.

Xəbər lenti