Logo

“Zəfərlə taclandırılmış müstəqillik” adlı dəyirmi masa keçirilib - FOTO

24.05.2024 22:41 462 baxış
IMG

Mayın 24-də Azərbaycan Hərb Tarixi Muzeyində 28 May - Müstəqillik gününə həsr olunmuş “Zəfərlə taclandırılmış müstəqillik!” adlı dəyirmi masa keçirilib.

Tehsil.biz xəbər verir ki, dəyirmi masada Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun alimləri, Müdafiə Nazirliyinin idarə və müəssisələrinin zabitləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadənin, muzeyin tədqiqatçı-baş elmi işçisi Vahid İsmayılovun, Abbasqulu ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin müdiri Kamran İsmayılovun, həmin institutun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri Cəbi Bəhrəmovun, “Şimali Azərbaycanın XIX-XX əsrlər tarixi” şöbəsinin müdiri Hacı Həsənovun “Azərbaycan dövlətçiliyinin Azərbaycan Xalq Cümhuriyyəti səhifəsi”, “Azərbaycan Xalq Cümhuriyyəti ordusu Azərbaycan dövlətçiliyinin keşiyində”, “İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsinin səbəbləri və ağır nəticələri”, “Azərbaycan mətbuatı Azərbaycan dövlətçiliyinin xidmətində (XX əsrin əvvəlləri)” və “XX əsrin əvvəllərində Azərbaycan dövlətçilik tarixinin təntənəsi” mövzularında məruzələri dinlənilib. 44 günlük Vətən müharibəsinin şəhidi Sübhan Əbdürrəhmanlının anası, Yeni Baxış İctimai Nəzarət Təşkilatının Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mehriban xanım Əbdürrəhmanova çıxış edib.

“Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik tarixində özünəməxsus yeri və önəmi zaman keçdikcə daha aydın görünür və yüksək dəyərləndirilir. Ümummilli lider Heydər Əliyev AXC-nin yaranmasını çoxminillik dövlətçilik ənənələrimizin ölməzliyinin təzahürü və xalqımızın müstəqillik arzularının gerçəkləşməsinin təntənəsi kimi qiymətləndirir, müasir müstəqil Azərbaycan dövlətinin onun hüquqi-siyasi varisi olduğunu vurğulayırdı. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil dövlətin bütün atributları, o cümlədən milli ordumuz formalaşdırılmışdı. 1918-ci il iyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olunmuş və Azərbaycanda milli ordunun təməli qoyulmuşdu. 

Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu ənənəsinin və təcrübəsinin nəzərə alınması 70 il sonra müstəqil dövlətin güclü milli ordusunun yaradılması üçün son dərəcə gərəkli oldu. Əsası AXC dövründə qoyulmuş Azərbaycan ordusu hazırda regionun ən güclü hərbi qüvvəsi, dünyanın isə 50 qüdrətli ordusu sırasındadır. Qürurla deyə bilərik ki, həmin ordu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində 30 il işğal altında qalmış torpaqlarımızın erməni silahlı qüvvələrindən azad olunmasında böyük hünərlə iştirak edərək, adını hərb tarixinə qızıl hərflərlə yazdırdı. 

Dəyirmi masada müstəqillik gününə həsr olunmuş sənədli film nümayiş olunub.

Xəbər lenti