Masallı rayon Mahmudavar kənd ümumi orta məktəbin yetkinlik yaşına çatmayan 9-cu sinif şagirdi özündən iki dəfə yaşlı olan 30 yaşlı bir nəfərlə zorla evləndirilir.
Tehsil.biz xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Qeyd olunub ki, artıq qızın toyu 12 iyuna, oğlanın toyu isə 18 iyuna təyin edilib.
"Atası şəhərdə, anası isə kənddə fəhləliklə məşğul olan qız imtahanlarda yüksək bal toplasa da, həmin gün dərsdə olmaq əvəzinə toy məclisində olmalıdır. Azyaşlı qızla evlənən Rusiyada yaşayan oğlanın atası Masallı rayon Tüklə məktəbində müəllim işləyir. Məktəbdə müəllim işləyən şəxsin digərinin kasıblığından istifadə edib onun azyaşlı və məktəbli qızını təhsildən yayındırıb evləndirməyə səbəb olması faktını əlaqədar orqanlar araşdırmalı və bu hadisənin qarşısı alınmalıdır.
Məhz belələrinin məktəbdə müəllim işləməsi region məktəblərində təhsilin bərbad olmasına və erkən nikahlara gətirib çıxardan halların baş verməsinə səbəb olur", - məlumatda bildirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan bildirilib ki, məsələ artıq nəzarətə götürülüb, 16 yaşı tamam olan həmin yetkinlik yaşına çatmayan qız hazırda təhsilə davam edir və davamiyyəti nəzarət altındadır.
Qeyd olunub ki, nikah yaşına çatmamış toy və ya nişan mərasiminin keçirilməsinin yolverilməzliyi ilə bağlı yeniyetmənin valideynlərinə bir müddət əvvəl də xəbərdarlıq edilib.
Polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlərin görülməsi davam etdirilir.