Logo

Təhsil naziri Göygöl, Goranboy rayon və Naftalan şəhər sakinlərini canlı videobağlantı vasitəsilə il

23.09.2020 17:20 1583 baxış

Təhsil naziri Emin Əmrullayev 2 oktyabr 2020-ci il tarixində saat 15:00-da Göygöl, Goranboy rayon və Naftalan şəhər sakinlərini canlı videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Videoqəbula yazılmaq istəyən vətəndaşlar 23-30 sentyabr (saat 18:00-dək) 2020-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə  genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.

Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar.

Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir.

Videoqəbul zamanı konfidensiallığı təmin etmək məqsədilə vətəndaşın qəbul otağında tək olmasına şərait yaradılacaq. Videoqəbulda vətəndaşın müraciəti ilə bağlı lazımi sənədlərin təqdim edilməsi zərurəti yarandıqda, ona həmin sənədləri birbaşa qəbulun keçirildiyi qurumun səlahiyyətli işçisinə və ya elektron formada təqdim etmək imkanı olacaq. Həmin sənədlər araşdırılması üçün Təhsil Nazirliyinə yönləndiriləcək.

Araşdırma tələb edən müraciətlərin cavablandırılması vətəndaşın qeyd etdiyi elektron ünvan vasitəsilə elektron formada, yaxud müraciət edənin xahişinə əsasən poçt ünvanı ilə yazılı və ya əlaqə telefonu vasitəsilə şifahi qaydada həyata keçiriləcək.

Xəbər lenti