Logo

AMEA-da “Azərbaycan incəsənətində Füzuli dünyası” mövzusunda konfrans keçirilib

25.05.2024 10:14 123 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasında AMEA-nın Humanitar Elmlər Bölməsi və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş “Azərbaycan incəsənətində Füzuli dünyası” mövzusunda respublika elmi konfransı keçirilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Tədbiri giriş nitqi ilə açan AMEA Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini akademik Teymur Kərimli konfrans iştirakçılarını salamlayaraq Məhəmməd Füzulinin çoxşaxəli yaradıcılığına nəzər salıb. Qeyd edib ki, Məhəmməd Füzuli böyük söz ustadı və mütəfəkkir olmaqla yanaşı, həmçinin elm və incəsənətin müxtəlif sahələri üzrə dərin biliklərə malik görkəmli şəxsiyyət olub.

Akademik Teymur Kərimli dahi söz ustadının yaradıcılığına göstərilən böyük diqqətdən və qayğıdan bəhs edərək bu qayğının növbəti nümunəsinin ölkə başçısının imzaladığı “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin keçirilməsi haqqında” 2024-ci il 25 yanvar tarixli Sərəncamının olduğunu bildirib, bu Sərəncama əsasən nəinki Azərbaycanda, həmçinin dünyanın müxtəlif ölkələrində yubiley tədbirlərinin keçirildiyini əlavə edib.

Füzuli yaradıcılığının bu gün də böyük aktuallıq kəsb etdiyini söyləyən akademik Teymur Kərimli bunun dahi şairin xidmətləri, ümumbəşəri dəyərlərə və humanizmə bağlılığı ilə əlaqədar olduğunu vurğulayıb: “Dünyada baş verən böhranlar, münaqişələr, müharibələr bəşəriyyəti məhv olmaq təhlükəsi ilə üz-üzə qoyduğu bir vaxtda şovizinm, revanşizm, irqçilik və digər dağıdıcı ideyalardan uzaq olan, sülh, humanizm, həyat eşqini tərənnüm edən dünya klassiklərin irsinə müraciət ilk növbədə insanların özlərinə lazımdır. Böyük mütəfəkkirlərin elmi və mədəni irsi dünyanı, insanlığı xilas edərək inkişafa doğru addımlamağa şövq edən gücə malikdir”.

Qeyd olanları nəzərə alaraq bugünkü tədbirin əhəmiyyətini bir daha qeyd edən akademik Teymur Kərimli konfransın işinə uğurlar arzulayıb.

Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Monumental heykəltəraşlıqda Füzuli obrazı” adlı məruzəsini təqdim edib. Dahi şair və mütəfəkkirin Bakı, Gəncə, Quba, Şirvan və Füzulidə ucaldılan heykəlləri haqqında bəhs edən Ərtegin Salamzadə, həmçinin Türkiyənin Kayseri və İstanbul şəhərləri, İranın Təbriz şəhərində yerləşən abidələr haqqında da geniş məlumat verib. Çıxışının sonunda qeyd edib ki, Füzuliyə həsr olunan heykəllərin ikonoqrafiyası ədibin yaradıcılığının geniş məzmunundan irəli gəldiyinə görə bu abidələrin əsas atributunu kitab təşkil edir.

Daha sonra konfransda s.ü.f.d. Ramil Quliyev “Məhəmməd Füzulidə ilahi eşq motivinin rəngkarlıqda simvolik yozumu”, s.ü.f.d., dosent Aida Qasımova “Füzuli dünyası Azərbaycanın süjetli xalçalarında”, s.ü.f.d., dosent Lalə Kazımova “Füzulinin qəzəlləri Üzeyir Hacıbəylinin yaradıcılığında”, sənətşünaslıq doktoru professor Sevil Fərhadova “Məhəmməd Füzulinin musiqi dünyası”, s.ü.f.d. dosent Suraya Ağayeva “Füzulinin əsərlərində musiqi mədəniyyətinə dair mövzuların tədqiqi haqqında”, s.ü.f.d. Pərvanə Əliyeva “Füzuli irsinin qorunmasında Ulu öndər Heydər Əliyevin rolu”, k.ü.f.d. Yeganə Əliyeva “Türk dünyasının kulturoloji təfəkkür irsində Füzulinin bədii-estetik ideyaları” və Bəbir Zeynal “Füzuli yaradıcılığı Şərq-Qərb mədəni kontekstində” adlı məruzələrlə çıxış ediblər.

Konfransa yekun vuran institutun direktoru Ərtegin Salamzadə bugünkü tədbirin cari ildə Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar keçirilən digər tədbirlərdən fərqləndiyini qeyd edib, Füzuli dünyasına səyahət formatında baş tutan konfransın həmçinin poeziya gecəsi adlandırıla biləcəyini də vurğulayıb.

Qeyd edək ki, tədbir boyu məruzələr rəngarəng slaydlarla, şeir və musiqi parçaları ilə müşayiət olunub.

Xəbər lenti