Logo

"Strateji kommunikasiya" mövzusunda təlim keçirilib - FOTO

25.05.2024 17:50 151 baxış
IMG

Mayın 24-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Strateji kommunikasiya” mövzusunda təlim keçirilib.

Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, təlimin keçirilməsində məqsəd kommunikasiya sahəsində peşəkar vərdişlərin inkişafına dəstək olmaq, iştirakçıların böhran kommunikasiyasının düzgün təşkili kimi mövzularla bağlı bilik və bacarıqlarını təkmilləşdirməkdir.

Təlimdə Elm və Təhsil Nazirliyi, tabe qurum və layihələri, eləcə də regional təhsil idarələrinin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları iştirak ediblər.

Təlimdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli iştirakçıları salamlayaraq kommunikasiya elementlərindən söz açıb.

Kommunikasiya zamanı komanda işinin əhəmiyyətindən danışan Mətin Kərimli komanda quruculuğunun düzgün təşkilinin vacibliyini diqqətə çatdırıb.

Mətin Kərimli sonda iştirakçıların suallarını cavablandırıb.

Sonra nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev iştirakçıları salamlayaraq onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra təlim sessiyalarla davam etdirilib.

Təlim çərçivəsində ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Emin Hüseynzadə “Auditoriya üçün təsirli hekayə” mövzusunda danışıb.

Daha sonra qrafik dizayn və vizual kommunikasiyalar üzrə tədris rəhbəri Fərid Rzazadənin təqdimatında “Məzmunun formalaşdırılmasında brendinq. Düzgün vizual hekayənin qurulması”, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Azər Nəzərovun təqdimatında isə “Böhran kommunikasiyası” mövzularında təlim keçirilib.

Təlimçilər müxtəlif sosial media platformaları üçün yaradılan hekayələrin fərqli cəhətləri, auditoriyaya uyğun qəhrəmanların seçilməsi, müvafiq mesaj və kommunikasiya alətlərinin düzgün müəyyən edilməsi, böhranların qarşısını almaq üçün hekayələrdən istifadə üsulları, foto və video kimi vizualların hekayələrə daxil edilməsi vasitələri, böhranla bağlı effektiv ünsiyyət üçün strategiyalar və digər istiqamətlərdə maarifləndirmə aparıblar.

Təlim çərçivəsində iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Təlimin yekununda isə iştirakçılar arasında intellektual müsabiqə təşkil edilib.

Xəbər lenti