Logo

“Qəhrəmanlığın Şəhriyar Zirvəsi” filminin təqdimatı keçirildi - FOTO

25.05.2024 19:44 188 baxış
IMG

25 may 2024-cü il tarixdə Ağdam Muğam Mərkəzində Vətən Müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, “Bozqurd” ləqəbli, “Qarabağ” ordenli Quliyev Şəhriyar Nəsib oğlunun doğum günündə xatirəsinə həsr olunmuş “Qəhrəmanlığın Şəhriyar Zirvəsi” filminin təqdimat mərasimi baş tutub. 

Tehsil.biz xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə şəhidin ailə üzvləri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynov, Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin əfsanəvi taborunun şəhid olmuş hərbi qulluqçularının valideynləri, şəhid ailələri və qazilər, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra film tədbir iştirakçılarına nümayiş etdirilib.

Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov iştirakçıları salamlamış, şəhid Şəhriyar Quliyevin keçdiyi şərəfli döyüş yolundan, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs edib.

Tədbirin gedişində Şəhriyar Quliyevə həsr olunmuş şeirlər səsləndirilib, Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının təqdimatında vətənpərvərlik ruhunda musiqi nömrələri və kompozisiyalar tədbir iştirakçılarına təqdim edilib.

Qeyd edək ki, Şəhriyar Quliyev Vətən müharibəsi müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, 150-ə yaxın erməni əsgər və zabitini məhv edib. Şəhriyar Quliyev oktyabrın 23-də Qubadlı rayonu uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Şəhriyar Quliyev ölümündən sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

​​​​​​

Xəbər lenti