Logo

“Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb

25.05.2024 20:14 252 baxış
IMG

“Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Bu barədə "Tehsil.biz"ə Azərbaycan Dövlət Pedaqoji Universitetdən (ADPU) məlumat verilib.

Universitetin rektoru professor Cəfər Cəfərov vurğulayıb ki, ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələri üçün təşkil olunan müsabiqənin məqsədi istedadlı tələbələrin aşkar edərək onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankı formalaşdırmaqdır. Rektor deyib: “Biz inanırıq ki, 4 ay ərzində davam edən uzun və gərgin prosesin yekununda 900-dək iştirakçı arasından seçilərək müsabiqədə qalib gələn tələbə və magistrantlarımız gələcəkdə universitetimizdə, eləcə də ölkəmizin təhsil sferasında öz layiqli yerlərini tutacaq və aparılan genişmiqyaslı təhsil islahatlarına, ölkə təhsil sisteminin hərtərəfli inkişafına böyük töhfələr verəcək”.

Bildirilib ki, həyata keçirilən müsabiqə idarəetmə və təhsilin inkişafı sahəsində ölkəmizdə və dünyada baş verən müsbət dinamikadan ilhamlanaraq bu prosesi daha da stimullaşdırmaq və sistemləşdirmək təşəbbüslərindən qaynaqlanır. Bu kimi təcrübənin Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Pedaqoji Universitetdə həyata keçirilməsi isə ayrı bir qürur və məsuliyyət hissi doğurur. ADPU müsabiqənin növbəti illərdə də davam etdirilməsi və digər ali təhsil ocaqları ilə də bu təcrübəni paylaşmaqda maraqlıdır.

Tədbirdə müsabiqənin gedişi ilə bağlı videoçarx nümayiş olunub.

Sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Samir Həmidov və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini, III “Yüksəliş” müsabiqəsinin qalibi Xanım Daşdəmirova bu kimi təşəbbüslərin təhsilin inkişafı və gənclərin təhsil idarəetməsinə cəlb olunması sahəsində unikal bir model kimi diqqət doğurduğunu qeyd ediblər.

Daha sonra müsabiqənin ekspertləri, finalçıları, xüsusi mükafatçıları və qalibləri təltif olunublar.

“Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqənin 10 qalibinin hər biri 1000 manat məbləğində pul mükafatı, eləcə də müsabiqənin sponsorları olan BP tərəfindən akademik nəşrlər və hədiyyələr, “Prestij-S” Tədris Mərkəzi tərəfindən 1 illik xarici dil paketi və “IT Brains Academy” tərəfindən informasiya texnologiyaları üzrə 1000 manatlıq təhsil paketi əldə edib. Ən əsası isə qaliblərə Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramı və kadr bankına əlavə olunma imkanı təqdim edilib. Eləcə də yüksək bacarıq göstərərək fərqlənən digər 10 finalçı müsabiqənin xüsusi mükafatçısı kimi hədiyyələrlə təltif olunub və onlar da 1 illik mentorluq proqramında iştirak edərək peşəkar bacarıqlarını inkişaf etdirmək şansı qazanıblar. Müsabiqənin finalçıları da kadr bankına əlavə olunmaqla müvafiq sertifikat əldə edəcəklər.

Xəbər lenti