Logo

Tatarıstanlı alim Biləsuvar və Astaranın arxeoloji abidələri ilə tanış olub - FOTO

27.05.2024 13:21 159 baxış
IMG

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Abidələrin qeydiyyatı və pasportlaşdırılması şöbəsinin müdiri Mikayıl Mustafayev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Elmlər Akademiyasının Arxeologiya İnstitutunun direktoru Ayrat Sitdikov Biləsuvar rayonu ərazisində yerləşən arxeoloji abidələrlə tanış olmaq məqsədilə bölgəyə səfər ediblər.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Arxeoloq alimlər Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovla görüşərək arxeoloji abidələrin vəziyyəti, görülən işlər və yeni planlar barədə müzakirələr aparıblar. Görüş zamanı Ayrat Sitdikov qeyd edib ki, cari ilin iyul ayından Tatarıstan Respublikası Elmlər Akademiyasının Arxeologiya İnstitutu və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu arasında yay məktəbi təşkil olunacaq. Bununla əlaqədar bir qrup arxeoloq Biləsuvar rayonu ərazisində Çöl Ağdam şəhərciyi, Şəhriyar qalası, Şəhriyar yaşayış yeri və Ağdam qalasında kəşfiyyat xarakterli arxeoloji testlər aparacaq. Görüşdə, həmçinin qeyd olunan abidələrin kompleks şəkildə tədqiq olunması, bu prosesə başlamağın vacibliyi diqqətə çatdırılıb.

Daha sonra Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyində rayon ərazisindən aşkarlanmış arxeoloji materiallarla tanışlıq olub.

Alimlər arxeoloji abidələrlə tanış olmaq üçün Astara rayonuna da gediblər. Arxeoloq alimlər ötən il rayonun Alaşa kəndində yerləşən Əlişa qalasında aparılan arxeoloji qazıntı sahəsinə baxış keçiriblər.

Xəbər lenti