Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 106 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə professor-müəllim heyəti, inzibati heyət nümayəndələri ilə yanaşı, Tələbə Elmi Cəmiyyətinin fəalları da iştirak ediblər.
Bu barədə "Tehsil.biz"ə ATMU-dan bildirilib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə dövlət müstəqilliyi və ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ATMU-nun rektoru İlham Mədətov yeni təşəkkül tapan gənc respublikada demokratik prinsiplərin əsas götürüldüyünü, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq bərabərliyinin təmin olunduğunu söyləyib. Rektor diqqətə çatdırıb ki, AXC-nin 23 aylıq fəaliyyəti dövründə qadınlara kişilərlə bərabər seçki hüququ verilib, irqi, milli, dini bərabərsizliklər ləğv edilib. Ana dilinə dövlət dili statusu verilib, xalq maarifinin və mədəniyyətin digər sahələrinin inkişafına xüsusi qayğı göstərilib. Azərbaycanın ilk müasir universiteti təsis olunub, təhsil milliləşdirilib. Qonşu respublikalarla sərhədlərin müəyyənləşdirilməsi istiqamətində ciddi addımlar atılıb.
ATMU-da fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının rəhbəri tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlı AXC-nin olduqca çətin şəraitdə fəaliyyət tarixinə detallı faktlarla aydınlıq gətirib.1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentində 11 fraksiyanın - “Müsavat” və bitərəflər, “İttihad”,"Əhrar", Sosialistlər, Bitərəflər, Müstəqillər, Sol müstəqillər, “Slavyan‐rus cəmiyyəti”, Milli azlıqlar, Erməni və “Daşnaksutyun” fraksiyasının olduğu iştirakçıların bir daha diqqətinə çatdırılıb.
Tədbirin birinci bölümü AXC-nin fəaliyyətində elmi yanaşmanı şərtləndirən fikir mübadiləsi çərçivəsində başa çatıb.
Ali təhsil müəssisəsində AXC-nin 106 illiyi münasibətilə keçirilən sərgi də maraqla qaşılanıb. ATMU-nun Kitabxana-İnformasiya Mərkəzi tərəfindən təşkil edilən sərginin fəaliyyətində əsas hədəf tarixi şəxsiyyətlərimizi yaxından tanımaqla bərabər, 23 ayın qürurunu daim qəlblərdə yaşatmaqdır