Logo

“Yüksəliş” müsabiqəsinin növbəti mərhələsində 1311 nəfər iştirak hüququ qazanıb

27.05.2024 19:44 157 baxış
IMG

Dördüncü “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin birinci turunda qabiliyyət imtahanı verən 3801 namizəddən 1311-i idarəetmə bacarıqları imtahanında iştirak hüququ qazanıb.

Müsabiqənin İşçi Qrupundan "Tehsil.biz"ə bildirilib ki, növbəti imtahana uğurla keçən namizədlərin 1124-ü kişi, 187-si qadındır. Növbəti mərhələyə keçən iştirakçıların 47,97 faizi dövlət, 47,91 faizi isə özəl sahədə çalışır.

Builki müsabiqənin qabiliyyət imtahanı 4 sessiya olmaqla Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda, Elm və Təhsil Nazirliyinin tabeliyində olan 161 nömrəli tam orta məktəbdə və 263 nömrəli tam orta məktəbdə keçirilib. İmtahanın sualları isə verbal, rəqəmsal və abstrakt təhlil olmaqla 3 blok üzrə hazırlanıb.

Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkalası ilə qiymətləndirilib. T-şkalası təhsil üzrə test xidməti tərəfindən təsdiqlənən və bir çox beynəlxalq imtahanlarda (TOEFL, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Nəticələrə əsasən, həmin şkala üzrə maksimal bal 756, minimal keçid balı isə 538 müəyyənləşdirilib.

İştirakçıları qarşıda əyani mərhələnin idarəetmə bacarıqları imtahanı gözləyir. Həmin imtahanla bağlı ətraflı məlumat tezliklə iştirakçıların şəxsi kabinetinə yerləşdiriləcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Xəbər lenti