Logo

“Azərbaycanın milli dövlətçilik tarixində Cümhuriyyətin yeri” adlı dəyirmi masa keçirilib

27.05.2024 20:30 160 baxış
IMG

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 106-cı ildönümünə həsr olunmuş “Azərbaycanın milli dövlətçilik tarixində Cümhuriyyətin yeri” adlı dəyirmi masa keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

İnstitutun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev bu gün müstəqil respublikamızın 106 il əvvəl təməli qoyulan milli və demokratik dövlət quruculuğu ənənələrinə sadiqlik nümayiş etdirdiyini, onları yeni mütərəqqi çalarlarla daha da zənginləşdirdiyini söyləyib. Bildirib ki, müstəqil milli dövlətə sahib olmaq hər bir xalqın ən böyük uğuru və tarixi nailiyyətidir. İlqar Niftəliyev qeyd edib ki, Şərqin ilk demokratik respublikası olan AXC Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşüb. Professor 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın zəngin dövlətçilik tarixində çox mühüm bir mərhələni təşkil etdiyini diqqətə çatdırıb.

Tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı “Azərbaycan Cümhuriyyətinin yaranışının əks-sədası” mövzusunda məruzə ilə çıxış edib. Professor bildirib ki, 1918-1920-ci illər Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ sayılır. Bu illərdə Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik dövlətçiliyi milli dövlət formasında yenidən bərpa edilib. 28 May istiqlalının elanı Şərq aləmində və Türk dünyasında yeni, demokratik prinsiplərə söykənən bir dövlətin qurulduğunu xəbər verib. Rusiya əsarətində yaşayan türk xalqları arasında azadlıq bayrağını ilk dalğalandıran Azərbaycan olub.

“Azərbaycan Cümhuriyyətinin siyasi sisteminin özəllikləri” adlı məruzə ilə çıxış edən tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Məmmədzadə bildirib ki, AXC-nin siyasi sisteminin formalaşdırılması, təbii ki, dövlət quruculuğunun özü ilə bağlı bir proses idi. Siyasi sisteminə görə AXC klassik parlament respublikası idi, hökumət, yəni ali icraedici qurum ali qanunverici qurum qarşısında cavabdehlik daşıyırdı. Bu, İstiqlal bəyannaməsinin 6-cı bəndində öz əksini tapıb: “Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai Milli və Şurai-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur”. İstənilən halda ən mühüm fakt və nəticə ondan ibarətdir ki, AXC liderləri demokratik siyasi sistemə sadiq dövlət yaratdılar.

Tədbirdə məruzələr ətrafında müzakirələr aparılıb.

Xəbər lenti