Bakı Mühəndislik Universitetinin (BMU) məzunu Nərmin Əliyeva Böyük Britaniyada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı maarifləndirici tədbir təşkil edib.
Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.
Azərbaycan diasporunun dəstəyi ilə Qlazqoda baş tutan tədbirdə BMU məzunu və digər çıxış edənlər ölkəmizdə son illər ərzində ətraf mühitin qorunması, yaşıl enerji sahəsində görülən işlər haqda ətraflı danışıblar. Bu istiqamətdə ayrı-ayrı tədimatlardan sonra qonaqlara ətraf mühiti, yaşıllığı qorumaq məqsədilə hədiyyə olaraq toxum qutuları paylanılıb.
Bundan başqa, “Qlazqo” Azərbaycan Cəmiyyətinin dəstəyi ilə UNESCO-nun ənənəvi “Yay məktəbi” layihəsi çərçivəsində adıçəkilən cəmiyyətin üzvü, Dövlət Proqramı çərçivəsində Qlazqo Universitetində təhsil alan doktorant Samirə Həsənzadə tərəfindən iştirakçılar üçün Azərbaycan dili dərsi keçirilib. Əsas məqsəd ana dilimizi, zəngin mədəniyyət və tariximizi xarici tələbələr və elm nümayəndələrinə daha geniş tanıdılması olub. Tədbir çərçivəsində Azərbaycan mədəniyyəti ilə bağlı stend qurulub və ölkəmizin adət-ənənələrinin nümayişi həyata keçirilib.
Hazırda Qlazqo Universitetinində ikinci magistr təhsili alan N.Əiyeva, eyni zamanda, “Qlazqo” Azərbaycan Cəmiyyətinin sədri kimi fəaliyyət göstərir.