Mayın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 yaşa qədər uşaqlarla işləyən mütəxəssislər üçün erkən uşaqlıq dövründə inkişafla bağlı üçgünlük təlimlərə başlayıb.
Tehsil.biz xəbər verir ki, təlimin məqsədi erkən uşaqlıq dövründə fiziki, əqli və sosial inkişafda əhəmiyyətli rol oynayan mütəxəssislərin peşəkarlığının artırılmasıdır.
Təlimin ilk günündə çıxış edən Komitənin uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova erkən uşaqlıq dövrü mütəxəssislərinin inkişafının vacibliyini və dövrün tələbləri ilə uyğunlaşmaq üçün dayanmadan inkişaf etməsinin əhəmiyyətini vurğulayıb.
Sonra Türkiyədən dəvət olunmuş mütəxəssislər üç istiqamət üzrə “Erkən uşaqlıq dövründə uşaqların sosial inkişafı”, “Erkən uşaqlıq dövründə uşaqların sağlam böyüməsi, erkən müdaxilə və psixo-emosional sağlamlığı”, “Erkən uşaqlıq dövründə uşaqların təhsili, tərbiyəsi və inkişafı” mövzularında təlimlərə başlayıblar.
Qeyd edək ki, həkim, müəllim, tərbiyəçi, sosial işçi, psixoloq, psixiatr və digər uşaq mütəxəssislərinin iştirak etdikləri təlimlərə mayın 31-də keçiriləcək “Erkən uşaqlıq dövrünün inkişafı - koordinasiyalı fəaliyyət” mövzusunda konfransla yekun vurulacaq.