Logo

BSU-da 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

28.05.2024 14:54 200 baxış
IMG

Bakı Slavyan Universitetində (BSU) 28 May - Müstəqillik Gününə həsr edilən tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının, həmçinin 20 Yanvar faciəsi, Xocalı soyqırımı şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan BSU-nun rektoru Anar Nağıyev 1918-ci il mayın 28-də Azərbaycanın öz müstəqilliyini bərpa edərək Cümhuriyyət qurduğunu və bu Cümhuriyyətin Azərbaycan tarixində, həm də bütün müsəlman Şərqində ilk demokratik respublika olması ilə yaddaşlarda qaldığını vurğulayıb. A.Nağıyev Cümhuriyyət dövründə qadın seçki hüquqlarının tanınması, ilk universitetin təsisi və digər bir çox məsələlərdə Şərqdə yeni nümunələr formalaşdırıldığını diqqətə çatdırıb: “Azərbaycan xalqı çox şanslıdır ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında 1993-cü ildə öz müasir dövlətini yenidən qurmaq imkanını əldə edib və nəticə etibarilə biz bu gün şanlı, qalib Azərbaycanın vətəndaşları kimi şərəfli bir ömür yaşayırıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daim inkişaf edir, qələbələrə doğru irəliləyir, suverenliyimizin bərpa olunması şanlı tariximizin zəfərlə dolu yeni səhifələridir”.

“İstiqlal təfəkkürü olmayan millət istiqlala qovuşa bilməz” sözləri ilə çıxışına başlayan BSU-nun kafedra müdiri Əsgər Əhməd AXC dövrü haqqında söhbət açıb və Azərbaycan xalqının hər zaman dünyada yeniliklərə imza atan xalq olduğunu diqqətə çatdırıb. O, həmçinin Azərbaycan milli təşəkkürünün ədəbiyyat və maarifçilikdən başlanmasından bəhs edib. Professor AXC-nin yarandığı tarixi şərait haqqında danışarkən qeyd edib ki, Azərbaycanın milli düşüncəli, milli təfəkkürə malik ziyalıları olmasaydı, AXC olmayacaqdı.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev isə çıxışında görkəmli ictimai xadim, publisist Mirzə Bala Məmmədzadənin həyatı və fəaliyyəti haqqında ətraflı söhbət açıb. O, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev mühacirlərin arzusunda olduqları güclü dövlət qurmaqla onların ruhlarını şad edib.

BSU-nun müəllimi Mahirə Əzizova çıxışı zamanı Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini, bununla bağlı tədbirlər keçirildiyini xatırladıb.

Xəbər lenti