Logo

AMEA-nın Naxçıvan Bölməsində Müstəqillik Günü münasibətilə tədbir keçirilib

28.05.2024 18:19 237 baxış
IMG

AMEA-nın Naxçıvan Bölməsində Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev açıb. Akademik bildirib ki, Azərbaycan Demokratik Respublikasının dövlətçilik tariximizdə mühüm yeri vardır. Azərbaycan Xalq Cümhuriyyəti müstəqil Azərbaycan Respublikasının siyasi varisi olmaqla yanaşı, Şərqdə ilk demokratik respublikadır.

Bölmə sədri 1917-ci ildə Rusiyada baş verən inqilabdan sonra Cənubi Qafqazda hökm sürən vəziyyətdən, baş verən ictimai-siyasi proseslərdən söz açıb. Zaqafqaziya Seyminin fəaliyyətindən, Tiflisdə Milli Şuranın elan olunmasından, Şura buraxıldıqdan sonra F.X.Xoyskinin sədrliyi ilə müvəqqəti hökumətin təşkil olunmasından və Cümhuriyyətin sonrakı taleyindən danışıb. Cümhuriyyətin ərazisi, qəbul olunan mühüm qərarlar, parlamentin təşkili, 70 illik sovet əsarətindən sonra Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etməsindən bəhs edib.

“Uğurla icra olunan dövlət siyasətinin nəticəsidir ki, müstəqil Azərbaycan Respublikasının suverenliyi tam təmin olunmuşdur”,- deyən akademik Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş və müstəqilliyimizin bərpasından sonra varislik prinsipi əsasında yenidən icrası təmin olunmuş qanun və qərarları diqqətə çatdırıb.

Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Şərqdə ilk demokratik respublika: Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda məruzə edib.

Azərbaycanın dövlətçilik tarixi barədə məlumat verən alim əvvəlcə Rusiyada baş verən oktyabr inqilabının Cənubi Qafqaza təsirlərindən, 1918-ci ilin mart-aprel aylarında ermənilərin xalqımıza qarşı törətdiyi geniş miqyaslı soyqırımından danışıb.

İstiqlal Bəyannaməsində əksini tapan əsas müddəalar, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin Tiflis, Gəncə və Bakı dövrləri, qonşu dövlətlərlə əlaqələrin qurulması, ordu qurucululuğu, təhsil sahəsində görülən işlərdən bəhs edib.

Dövlət rəmzləri, habelə AXC dövründə mövcud olan mübahisəli ərazilərlə bağlı fikirlərini çatdıran tədqiqatçı Sovet hakimiyyəti dövründə bir sıra faktların qəsdən unutdurulması və tarixi faktların təhrifi məsələsi ilə bağlı fikirlərini bölüşüb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Xəbər lenti