Logo

Komitə sədrinin müavini ADA Universitetində diplomatlara mühazirə deyib

29.05.2024 13:58 195 baxış
IMG

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (İDD) birgə təşkilatçılığı ilə "Diplomatlar üçün Qabaqcıl Xarici Siyasət Proqramı" çərçivəsindəki sessiyada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov 20 diplomata ADA Universitetində mühazirə deyib.

Dövlət Komitəsindən "Tehsil.biz"ə verilən məlumata görə, diplomatlara qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində ölkəmizin ali rəhbərliyinin başçılığı ilə dövlət siyasətinin əsas istiqamətləri, komitənin fəaliyyəti, son 30 ildə Azərbaycanın 30-dan çox şəhər və rayonunda 116 yeni müasir yaşayış kompleksinın keçmiş qaçqın və məcburi köçkünlərin istifadəsinə verilməsi haqqında ətraflı məlumat verilib, o cümlədən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərlər”in 5 əsas istiqamətindən birinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış olduğu vurğulanıb.

Qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi, birinci xanım Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyi qeyd edilib.

O, Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər barədə danışıb. Bu çərçivədə Dövlət Komitəsi ilə ADA Universiteti tərəfindən “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi məqsədilə məcburi köçkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsi haqqında məlumat verilib.

Bildirilib ki, Azərbaycan dövləti qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini özünün prioritetləri sırasına daxil edib. Bu da 2020-ci ildə baş vermiş Vətən müharibəsində ölkəmizin qazandığı tarixi Qələbədən sonra mümkün olub. Qarabağ və Şərqi Zəngəzurda 30 illik işğal dövründə dağıdılmış yaşayış sahələri, inzibati binalar, yollar, kommunikasiya xətləri bərpa olunur, irimiqyaslı layihələr həyata keçirilir. İşğal dövründə Ermənistanın torpaqlarımızı tamamilə minalaması məcburi köçkünlərin Böyük Qayıdış prosesini ləngidir. O da vurğulanıb ki, beynəlxalq ictimaiyyət həm doğma yurdlarına qayıdacaq sakinlərin, həm də işğaldan azad olunmuş ərazilərdə peşə fəaliyyətini yerinə yetirən şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir.

Məcburi köçkünlərin beynəlxalq hüququn prinsiplərinə əsasən, doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının və doğma yurdlarında müasir standartlara uyğun inşa edilmiş, zəruri sosial-texniki infrastrukturla təchiz edilmiş mənzillərlə təmininin dövlətimiz üçün prioritet olduğu diqqətə çatdırılıb.

Diplomatlara bu günədək köçürülən ailələr, onlar üçün yaradılan şərait və ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti-bərpa, quruculuq işlərindən danışılıb. Bildirilib ki, ümumilikdə 1920 ailənin - 7487 nəfərin köçü tamamlanıb və artıq 822 ailə (3132 nəfər) Füzuli şəhərində, 20 ailə (90 nəfər) Talış kəndində, 175 ailə (871 nəfər) Ağalı kəndində, 493 ailə (1838 nəfər) Laçın şəhərində, 59 ailə (215 nəfər) Sus kəndində, 217 ailə (823 nəfər) Zabux kəndində məskunlaşıb. Qeyd olunub ki, mədəniyyət paytaxtı olan Şuşa şəhərinə artıq 90 ailə (349 nəfər) köçürülüb.

Təlimin sonunda “Bura mənim evimdir” filmi, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində həyata keçirilən tikinti-bərpa, quruculuq işləri və köçürülmə prosesini xarakterizə edən videoçarxlar nümayiş olunub. Sədr müavini proqram dinləyiciləri olan diplomatların qayıdış prosesi, təbliğat-izahat, məlumatlandırma və maarifləndirmə prosesi ilə bağlı suallarını cavablandırıb.

Xəbər lenti