Logo

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti TBMM-də olub - FOTO

29.05.2024 18:43 151 baxış
IMG

Mayın 29-da Türkiyə Respublikasına səfər çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində (TBMM) olub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "Tehsil.biz"ə verilən məlumata görə, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kəlamlarının iki qardaş ölkə arasında münasibətlərin təməl prinsipləri olduğunu bildirən Ramin Məmmədov qeyd edib ki, Türkiyə-Azərbaycan əlaqələri bütün dünyada qardaşlığın, birliyin, həmrəyliyin nümunəsi kimi qəbul olunur. O, Azərbaycan və Türkiyə prezidentlərinin rəhbərliyi ilə strateji müttəfiqlik münasibətlərinin yeni bir səviyyəyə yüksəldiyini vurğulayıb.

Dövlət Komitəsinin sədri bütün istiqamətlərdə olduğu kimi, dini sahədə də hökumətlərarası əlaqələrin davamlı şəkildə inkişaf etdirilməsinin hər iki ölkə üçün faydalı olduğunu qeyd edib. Bildirib ki, bəzi coğrafiyalarda islamofobiya meyillərinin güclənməsi, dini məsələlərin tənzimlənməsi sahəsində meydana çıxan çağırışlar qarşılıqlı məsləhətləşmələrin və təcrübə mübadiləsinin genişləndirilməsini zərurətə çevirir.

Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin mühüm əhəmiyyətə malik olduğunu, qarşılıqlı səfərlərin əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bu cür görüşlərin ölkələrimiz arasında daha səmərəli əməkdaşlığın qurulmasına töhfə verəcəyinə inamını ifadə edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti