Azərbaycan Texniki Universitetinin (AzTU) “SmartTech” İnnovatorlar Mərkəzinin direktoru, universitetin baş müəllimi Kərim Tahiroğlunun “Proqramçı olmaq istəyirəm” adlı kitabının təqdimatı keçirilib.
Bu barədə "Tehsil.biz"ə AzTU-dan bildirilib.
Tədbirdə AzTU-nun professor-müəllim heyəti, tələbələr və Türkiyənin aparıcı universitetlərindən qonaqlar iştirak edib.
Təqdimat mərasimində çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Bakı Mühəndislik Universitetinin baş müəllimi Bəhman Qüdsi, Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTU) professoru Mehmet Halit Oğuztüzün kitab haqqında fikirlərini bildirib.
Qeyd olunub ki, “Proqramçı olmaq istəyirəm” kitabı proqramçı peşəsinə yiyələnmək istəyənlərə əhatəli yol xəritəsi təqdim edir. Nəşrdə oxucuları müvafiq sahə üzrə düşündürən suallar ətraflı cavablandırılıb, proqramlaşdırma ixtisasının mahiyyəti, başlıca istiqamətləri geniş şərh edilib.
Kitab kompüter mühəndisliyi və kompüter elmləri ixtisaslarında təhsil alan tələbələr, bu sahələr üzrə dərs deyən müəllimlər, gənc proqramçılar və ümumilikdə proqramlaşdırma sahəsinə maraq göstərən hər kəs üçün nəzərdə tutulub.
Qeyd edək ki, kitabın öz sözünün müəllifi AzTU-nun rektoru Vilayət Vəliyevdir.