Logo

Türkmənistan Elmlər Akademiyasının nümayəndə heyəti Əlyazmalar İnstitutunun qonağı olub - FOTO

29.05.2024 22:50 130 baxış
IMG

Mayın 29-da Türkmənistan Elmlər Akademiyasının prezidenti, professor Allaberdi Aşırov, Məhtimqulu Fəraqi adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun nümayəndə heyəti – direktor müavini, fil.e.d. Həzrətqulu Durdıyev, şöbə müdiri, fil.ü.f.d. Çarı Kulıyev və böyük elmi işçi Dövlətgəldi Seyidov AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olublar.

Tehsil.biz xəbər verir ki, qonaqlar Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli ilə görüşüb.

Dəyirmi masa ətrafında keçən görüşdə tərəflər arasında gələcək birgə əməkdaşlıq layihələri, iki ölkənin mədəni irsinin, tarixi dəyərlərinin və milli incəsənətinin təbliğinə dair bir sıra məsələlər müzakirə olunub, qarşılıqlı elmi ezamiyyələrin, elmi konfransların təşkil edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Görüş əsnasında akademik T.Kərimli professor A.Aşırova müəllifi olduğu “Nizami və tarix” kitabını hədiyyə edib. Professor A.Aşırov da öz növbəsində akademik Teymur Kərimliyə Türkmənistanın milli rəmzi sayılan araqçın və ənənəvi naxışlarla bəzədilmiş kilim hədiyyə edib.

Görüşdən sonra Türkmən qonaqlar institutun Ekspozisiya zalını ziyarət ediblər.

Əvvəlcə Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin müdiri, tarix ü.f.d., dosent Nigar Babaxanova onları burada sərgilənən qədim və nadir əlyazma nümunələri ilə tanış edib, elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilən əlyazma nüsxələri, o cümlədən həmin siyahıya salınan Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu və s. barədə ətraflı məlumat verib.

Daha sonra qonaqlara böyük türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin əsərlərinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan əlyazma nüsxələri, ilk daşbasma nəşri variantı və müasir çap nümunələri, Azərbaycan dilinə tərcümələri, görkəmli mətnşünas Salman Mümtazın öz əli ilə köçürdüyü şairin türkməncə qoşmalarından ibarət sərgi təqdim olunub.

Sərgi haqqında məlumatı Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.f.d., dosent Lamiyə Rəhimova verib.

Qonaqlar, həmçinin Ekspozisiya zalındakı Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və böyük mesenat H.Z.Tağıyev guşələrinə də tamaşa edib, həmçinin binanın tarixi, milli mədəniyyətimizin əsas qaynaqları olan əlyazmaların mühafizəsində Ulu Öndər Heydər Əliyevin misilsiz rolu barədə ətraflı bilgi əldə ediblər.

Sonda Türkmənistan Elmlər Akademiyasının prezidenti, professor Allaberdi Aşırov Əlyazmalar İnstitutunun xatirə kitabına ürək sözlərini yazıb.

Xəbər lenti