Logo

Bakıda I sinfə qəbulla bağlı 30 mindən çox sorğu yerləşdirilib

30.05.2024 12:47 150 baxış
IMG

Mayın 30-na (saat 11:30) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 30 597 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Tehsil.biz"ə verilən məlumata görə, həmçinin paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 4 481 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 1 766-sı alternativ qeydiyyat mərkəzlərində, 96-sı onlayn alternativ qeydiyyat mərkəzlərində (“WhatsApp”müraciətləri), 1 918-i sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 701 valideyn isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.

Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 13-nə qədər davam edəcək. www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə (https://baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər.

Vətəndaşlara alternativ qeydiyyat mərkəzlərində həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər xidmət göstərilir. Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.

Qeyd edək ki, sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə “WhatsApp” vasitəsilə (070-996-76-63, 070-996-36-62, 070-996-46-68) müraciətlərinin cavablandırılması üçün müvafiq işçi qrupları tərəfindən də zəruri köməklik göstərilir.

Xəbər lenti