Şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair qanun təsdiqlənib.
"Tehsil.biz"in məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Dəyişiklik sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Sənədə əsasən, yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Təhsil haqqında” qanuna dəyişikliklə bağlı layihə Milli Məclisin mayın 7-də keçirilən iclasında qəbul edilib.