Bakı Dövlət Universitetində (BDU) İspaniyanın Donastiya Beynəlxalq Fizika Mərkəzi və Bask Universitetinin professoru Yevgeni Vladimiroviç Çulkovun “Maqnit topoloji izolyatorların fizikası və materialşünaslığında son nailiyyətlər” mövzusunda seminarı keçirilib.
Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.
Professor Yevgeni Çulkov maqnit topoloji izolyatorların alınması, struktur analizi və tədqiqi sahəsində Azərbaycan fiziklərinin əldə etdiyi nailiyyətlərdən danışıb. O qeyd edib ki, 2023-cü ildə “Bəşəriyyət üçün elmin inkişafı” tədbiri çərçivəsində Çinin paytaxtı Pekində ilk dəfə Fundamental Elmlər Beynəlxalq Konqresi keçirilib və Azərbaycan alimlərinin bir sıra ölkələrin alimləri ilə həmmüəllif olduqları “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator” adlı məqaləsi son beş ildə çap olunmuş yüksək fundamental elmi dəyərə malik olan nailiyyət və ən yaxşı tədqiqat işi kimi qiymətləndirilib, beynəlxalq mükafata layiq görülüb. Bu elmi məqalə “Nature” jurnalında dərc olunub və ona olan istinadların sayı 1000-i keçib. Məqalənin mükafata layiq görülməsi dünya elmi ictimaiyyətinin azərbaycanlı alimlərin fəaliyyətinə verdiyi yüksək qiymətdən xəbər verir.
Professor Yevgeni Çulkov həm də Sankt-Peterburq Universitetinin Nanosistemlərin elektron və spin quruluşu laboratoriyasının rəhbəri, Tomsk Dövlət Universitetinin beynəlxalq şurasının üzvü və elmi məsləhətçisidir.