Logo

ADNSU-da “Səhnəarxası görüşlər” kitabının təqdimatı olub - FOTO

31.05.2024 01:41 212 baxış
IMG

Mayın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş “Səhnəarxası görüşlər” kitabının təqdimat mərasimi keçirilib. 

ADNSU-dan "Tehsil.biz"ə bildirilib ki, təqdimat mərasimində əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub, xatirəsi dərin ehtiramla yad edilib. Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Sonra Ulu Öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə səhnəarxası görüşlərinə həsr edilmiş videoçarx nümayiş olunub. 

ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov Ulu Öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşlərinə həsr olunmuş belə bir kitabın təqdimatının keçirilməsindən məmnunluğunu bildirib. Ulu Öndərin digər istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsinin inkişafına, mədəni irsimizin qorunmasına və sənət adamlarına göstərdiyi diqqətdən danışan dosent Vazeh Əskərov kitab müəllifinə belə bir dəyərli nəşrə görə təşəkkürünü bildirib. 

Kitabın müəllifi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Zamiq Əliyev Ümummilli Lider Heydər Əliyevin sənət adamları ilə səhnəarxası görüşlərindən danışıb, xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, belə bir görüşün keçirilməsində, həmçinin “Səhnəarxası görüşlər” kitabının ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə ADNSU-nun rəhbərliyinə və kollektivinə dərin təşəkkürünü bildirib. 

Sonra Elm və Təhsil Nazirliyi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Azərbaycan Milli Konservatoriyasının rektoru Xalq artisti Siyavuş Kərimi, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Əməkdar artist Azad Şükürov, həmçinin dövlət nümayəndələri və mədəniyyət xadimləri Ulu Öndərin mədəniyyətə qayğısı və sənətkarlara olan diqqətindən danışıblar. Çıxışlarda mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs olunub. Kitabın mədəniyyət və incəsənət sahəsində Ulu Öndərin xidmətlərinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyəti vurğulanıb. 

Tədbir sənətçilərin ifasında biri-birindən maraqlı musiqi nömrələri ilə davam edib.

Xəbər lenti