Logo

Zaman kontekstində: klassik ənənənin müasir davamı...

31.05.2024 11:42 347 baxış
IMG

Hər dəfə Alfons Dodenin "Sonuncu dərs"ini və müsyö Amellə Fransın dialoqunu xatırlayanda adamın canına üşütmə düşür. Əslində həssas və vacib məqamlarda xarakter tamlığı, daha doğrusu insanlıq duyğusu ortaya çıxır. Kimisi narahatlıqdan canına vicvicə salır, kimisi də olanları heç vecinə də almır. Ümumiyyətlə, fitrətdə var olan və insan ömrünə köçürülən kodlar silinməzdir. Müəyyən situasiyada həmin şriftlər açılır, insan da ona uyğun davranır. Dahi Füzuli də bu hikmət hökmünü baqi hesab edirdi.

Fəqət olanlara necə etina etməyəsən? Əgər daxilimizdə özbaşınalıq, sərhədsizlik olsaydı, onda Salam Qədirzadə hər səhifəsi insan taleyinin fəlsəfi qatlarına açılan kitabının – sonuncu əsərinin adını “Hər gün ömürdən gedir” qoymazdı. Nə də Dino Butsati "İtirilmiş günlər"i yazmazdı. Hekayə qəhrəmanı Kazirra yelə sovurduğu ömrün xiffətindən "Sinyor!" – deyə dil açaraq "Qoyun, bu günlərdən heç olmasa üçünü özümlə aparım" deməzdi.

Göründüyü kimi elmə biliyə yiyələnmək, zamanın qədir-qiymətini bilmək, həmçinin əqidəli, dərrakəli adamların əhatəsində olmaq insanı ucaldır.

Darülmüəllimi yenicə qurtaran Cəlil Məmmədquluzadənin “Xatirələr”ində də belədir. O, hüşyar dosta rast gəldiyini böyük sevinc və qürurla yazır. Həmin adamın Eynəli bəy Sultanov olduğunu bildirir. Özünə həmdəm, sindaş və müəllim bildiyi Eynəli bəy həm də Mirzə Cəlilin həmyaşıdı idi.

Ötən illərdə Mətbuat tarixini onlayn qaydada təlim edən müəllim Nuranə Həsənova da tələbələrə sindaş oldu. Hardasa bir çox tələbələrlə də həmyaşıd idi. Buna baxmayaraq daxilindəki müəllim əzmi və andına sadiq qalan Nuranə Həsənova Sidqi kimi sidq ürəkdən “Qəzet, yaxud qəzetə nədir?” deyə və öyrədə bildi. Sidqinin "Qəzet oxuyalım!" nidası qəzetlərin çıxdaş olduğu bugünkü gündə də duyuldu. Ədibin timsalında yüzlərlə, bəlkədə də minlərlə söz, fikir adamının ruhuna maarif və mədəniyyət "Çırağ"ı yandı. Müəllim ilk qəzetlərin təşəkkül, intibah və tənəzzül dövrlərindən, "Əkinçi" kotanından mətbuatımıza yayılan maarif toxumlarından və onların gələcək cücərtilərindən danışdı. Biliklərin tələbə beynində öz rəflərinə yığılması, yerbəyer olması üçün, tədris etdiyi mövzuya mütləq növbəti dərs yenidən qayıtdı. Bu, öyrəndiklərimizin əsaslı şəkildə möhkəmlənməsinin təmininə çevrilir, beləcə mövzuyla əlaqədar verilən biliklər bir növ əyaniləşir. Ancaq bu əyaniliyi üç ildə qiyabiləşməyən fürsətcil tələbələrə aid etmək doğru olmazdı.

Milli və mədəni inkişafımızın xəritəsini cızan, "Əkinçi" ənənələrinə sadiq qalan "Kəşkül"də ilk dəfə "Azərbaycan milləti" ifadəsinin işlədildiyi üzərində dəfələrlə dayandı. Bu, olduqca vacib məsələdir. Çünki ruslar bütün azərbaycanlıları “müsəlman” və ya “tatar” adlandırırdılar. Rəhmətlik Üzeyir Hacıbəyli də bu ağrıdan irəli gələrək "Həqiqət budur" yazısında qələmi ilə milləti oyandırmağa çalışırdı. 

Əbəs yerə deyildi ki, Nuranə Həsənovanın elmi məruzəsinin biri məhz “Cumhuriyyət qurucuları barədə mətbuatda nəşr olunan ilk yazılar(1985-1995)” idi. Onun "Milli Mətbuat tarixi" kafedrasında Sovet hakimiyyəti illərində xalqın milli-mənəvi dəyərlərindən uzaqlaşdırılmasından, tarixi dövlətçiliyimizin təhriflərə məruz qalmasından bəhs edən çıxışını ötən il dinlədim. Nuranə Həsənova milli məsələlərdə müəllim və ən əsas da vətəndaş kimi hər zaman öz elmi və pedaqoji fəaliyyəti ilə seçilib.

Üzeyir bəydən söz düşmüşkən qeyd edək ki, mərhum prezident Heydər Əliyevin sərəncamı ilə hər il 18 sentyabr Milli Musiqi Günü kimi qeyd olunur. Bu, həqiqətən də tarixi hadisədir. Millətimiz üçün qiymətli olan bu tarixin orta məktəbin rus bölməsinin gündəliyində yanlışlığa yol verilməsi Nuranə Həsənovanın diqqətindən yayınmadı. Nuranə Həsənova millət və tarix üçün önəm kəsb edən məsələ barədə yazır: "Üzeyir Hacıbəylinin doğum günü 21 sentyabr tarixi kimi qeyd olunub. Müqayisə üçün Azərbaycan bölməsinin gündəliyində 21 sentyabr sadəcə Beynəlxalq sülh günü kimi yazılıb. Dahi Azərbaycan bəstəkarı, publisisti Üzeyir bəy Hacıbəyli 18 sentyabr 1885-ci ildə Ağcabədidə anadan olub. Azərbaycanda hər il sentyabrın 18-i Üzeyir Hacıbəylinin doğum günü şərəfinə Milli Musiqi Günü kimi qeyd edilir".

Nuranə Həsənovanın 90-cı illərin əvvəllərində çıxan qəzetlərin birində Flora Xəlilzadənin dədə-baba yurdundan qaçqın, köçkün düşənlər haqqında yazısı ilə bizi tanış etməsi də olduqca maraqlı tarixi fakt və araşdırma idi. O illərin ağrısını gözlərimizlə görməsək də, ancaq yazı boyu qəlbimizlə həmin acıları hiss etməmək mümkünsüz idi. Biçarələrin müqəddaratının, iqbalının, taleyinin belə yazılmadığını öyrəndik. Dərindən köks ötürüb "Ah, talesiz talelər..." dedik. Nə qədər ömrün dərddən, xiffətdən söndüyünü, nə qədər arzuların, diləklərin doğmamış öldüyünü oxuduq. Ağ saçlı, qara örpəkli Şirinovanın timsalında minlərlə ahıl yaşlı anaların, dilsiz-ağızsız Fəxrəddinlərin, Fəxrəddin müəllim timsalında minlərlə ziyalılarımızın erməni quduzluğunun qurbanı olduğu insanı içdən diddi, ruhun sarsıtdı. Yazıda bir ifadə vardı: "Daşnaklar öldürdü onları". Bəli, həm silahsız, həm silahlı. İndi bu dünyadan nakam, diləfkar, gözüyolda, həsrətlə köçən doğmalarımızın ruhu şaddır.

Nuranə Həsənovanın Vətən savaşında qələmə aldığı "Vətən bağı al-əlvandır, Şuşa dərdimə dərmandır!", "Vətən sevgisi, birlik, bərabərlik duyğusu birləşib dağ olub", "Azərbaycan-Ermənistan münaqişəsində Rusiyanın tarixi mövqeyi..." və bir sıra yazıları həmin ruhlara qələbə ərməğanıdır...

Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist 

Əsgər İsmayılov, BDU Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti