Logo

Türkmənistan Elmlər Akademiyasının prezidenti BDU-da olub - FOTO

31.05.2024 14:33 224 baxış
IMG

Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov və bu ölkənin Elmlər Akademiyasının prezidenti professor Allaberdi Aşırov Bakı Dövlət Universitetində (BDU) olub, bu ali təhsil müəssisəsinin professor-müəllim heyəti ilə görüşüblər.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə rektor Elçin Babayev Türk dünyasının intibah dövrünü yaşadığını, Azərbaycanda bütün türkdilli xalqlarla hərtərəfli əlaqələrin inkişaf etdirildiyini bildirib. O qeyd edib ki, digər sahələrlə yanaşı, elm və təhsil sahəsində də Azərbaycan-Türkmənistan arasında əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur.

Rektor vurğulayıb ki, 105 yaşlı BDU fəaliyyəti müddətində elmin və təhsilin inkişafına böyük töhfələr verib, nüfuzlu alim və tədqiqatçılar yetişdirib. BDU-nun fəaliyyətində beynəlxalq əməkdaşlığın genişləndirilməsi mühüm önəm daşıyır. 2020-ci il martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimində “Bakı Dövlət Universiteti ilə Məhtimqulu adına Türkmən Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Protokol” da imzalanıb. Rektor Türkmənistanın digər elm və təhsil qurumları ilə əlaqələrin yaranmasının xalqlarımızın inkişafına töhfə verəcəyinə əminliyini bildirib: “Türkmənistan Elmlər Akademiyası ilə birgə elmi tədqiqatlara başlamaq innovativ layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsi üçün yeni imkanlar yaradacaq. BDU və Türkmənistan Elmlər Akademiyasının tədqiqatçıları birgə çalışaraq, hər iki ölkənin elmi potensialını daha da gücləndirə bilərlər. Bu görüşün elmi əməkdaşlığımızın möhkəmlənməsinə və yeni uğurların əldə edilməsinə töhfə verəcəyinə ümid edirik”.

Türkmənistan Elmlər Akademiyasının prezidenti professor Allaberdi Aşırov rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-Türkmənistan elmi, mədəni əlaqələrinin inkişafında yeni səhifə olacağını diqqətə çatdırıb. O, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, strukturu barədə görüş iştirakçılarına məlumat verib. BDU ilə elmin müxtəlif sahələrində böyük əməkdaşlıq potensialının olduğunu vurğulayıb.

Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov tarixi köklərə və adət-ənənələrə malik Türkmənistan və Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində qarşılıqlı səfərlərin mühüm rolu olduğunu diqqətə çatdırıb: “Azərbaycanla Türkmənistan arasında qardaşlıq ata-babalarımızdan bizə qalan mirasdır. Onu davam etdirmək hər birimizin borcudur”.

Görüşdə Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun “Anau - minilliklərdən gələn mədəniyyət” və “Gənclər Vətənin dayağıdır” kitablarının təqdimatı olub.

Xəbər lenti