Logo

Xaricdə təhsil almış 237 nəfər peşə tanınması üzrə imtahandan kəsilib

31.05.2024 17:05 428 baxış
IMG

Xarici universitetlərdə müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə təhsil almış 237 nəfər peşə tanınması üzrə imtahandan keçə bilməyib.

Bu barədə "Tehsil.biz"ə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət İmtahan Mərkəzi mayın 4-də kompüter vasitəsilə imtahan keçirib. İmtahanda 466 nəfər qeydiyyatdan keçmiş namizəddən 426-sı iştitrak edib, onlardan yalnız 189-u keçid balını toplaya bilib. Ümumilikdə 23 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 44,3% təşkil edib.

İmtahanda ixtisaslar üzrə müraciət sayına uyğun olaraq ən çox imtina almış üç ixtisasın ölkələr üzrə təhlili aparılıb.

Peşə tanınması imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 11 nəfər iştirak etmiş, onlardan yalnız bir nəfəri uğurlu nəticə əldə edib. Uğursuz nəticə əldə etmiş diplom sahibləri Rusiyada fəaliyyət göstərən ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyaların payına düşür. Belə ki, “İbtidai sinif müəllimliyi” ixtisası üzrə adı keçən ölkənin ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması əldə etmək istəyən namizdələrin 90% müvafiq imtahanda uğursuz olub. Tümen Dövlət Universiteti ilə Moskva Dövlət Pedaqoji Universiteti qeyd edilən ixtisas sahəsi üzrə ən çox imtina alıb.

Peşə tanınması imtahanında “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə 73 nəfər iştirak edib, onlardan yalnız 24 nəfəri uğurlu nəticə əldə edib. Uğursuz nəticə əldə etmiş diplom sahibləri iki ölkənin ali təhsil müəssisələrinin payına düşür. Belə ki, “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə Belarusun ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət etmiş namizədlərin 65%, Ukrayna ali təhsil müəssisələrindən olan namizədlərin isə 100% müvafiq imtahanda uğursuz olub. Belarus üzrə ən çox imtinanı Belarus Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti ilə Belarus Fövqəladə Hallar Nazirliyinin Komanda-Mühəndis İnstitutu, Ukrayna üzrə ən çox imtinanı isə Ukrayna Milli Mülki Müdaifə Universiteti alıb.

Peşə tanınması imtahanında “hüquqşünaslıq” ixtisası üzrə 173 nəfər iştirak edib, onlardan yalnız 59 nəfəri uğurlu nəticə əldə edib. Uğursuz nəticə əldə etmiş diplom sahibləri 2 ölkənin ali təhsil müəssisələrinin payına düşür. Belə ki, “hüquqşünaslıq” ixtisası üzrə Rusiyanın ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət etmiş namizədlərin 70%, Ukrayna ali təhsil müəssisələrindən olan namizədlərin isə 69% müvafiq imtahanda uğursuz olub. Rusiya üzrə ən çox imtinanı Dağıstan Dövlət Universiteti, Ukrayna üzrə isə Xarkov Milli Daxili İşlər Universiteti alıb.

Xəbər lenti