İngiltərənin Arden Universitetinin müəllimi, klinik psixoloq Nilufər Akif Dəmirzadə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının tələbələrinə “Təşviş və həyəcan pozuntusu: biopsixososial analiz” mövzusunda ustad dərsi keçib.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Nilufər Akif Dəmirzadə gündəlik həyatımızın bir hissəsi olan təşviş və həyəcanın insanın normal vəziyyətindən qeyri-normal halına keçərək pozuntu əlaməti kimi formalaşması, şəxsiyyətin mənfi göstəricisi rolunda çıxış etməsinin səbəbləri haqqında məlumat verib. Təşviş və həyəcanın yaranmasında bioloji, sosioloji və psixi amillərin təsir gücünü və rolunu açıqlayan mütəxəssis klinik psixologiyada problemli vəziyyətlərin təhlilində terapevt, klinik psixoloq və sosial işçinin birgə işinin vacibliyindən danışıb. Nilufər Akif stresli vəziyyətlərdə insanların davranış modelləri, kopinq strategiyanın əsasında duran adaptasiya və plastikliyin əhəmiyyətini vurğulayıb.
Məruzəçi problemləri təhlil etməyə kömək olan 3D terapiya üsulundan - düşüncə, duyğu və davranış metodundan danışıb, onun işləmə qaydasını izah edib. Mütəxəssis həyəcan və təşvişin davranışda yaratdığı mənfi halların qarşısının alınmasında valideynlərin xüsusi rola malik olduğunu diqqətə çatdırıb.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.