Logo

Ziyalılar ADA Universitetinin Qazax mərkəzində Füzulinin 530 illiyini qeyd ediblər - FOTO

01.06.2024 02:00 343 baxış
IMG

Azərbaycan ədəbiyyatı tarixinə çoxsaylı unudulmaz şəxsiyyətlər, xalq şairləri, yazıçıları və sənət adamları bəxş edən Qazax elinin ziyalıları dahi mütəfəkkir Məhəmməd Füzulinin anadan olmasının 530 illiyini qeyd ediblər. 

Bu barədə "Tehsil.biz"ə ADA Universitetindən bildirilib.

Tarixi Qazax Müəllimlər seminariyasında, bu gün ADA Universitetinin Qazax mərkəzi kimi fəaliyyət göstərən tədris ocağında toplaşan söz adamları “Füzuli dəryasından bir damla” adlı ədəbi-bədii məclisdə bəşər mədəniyyəti xəzinəsinə misilsiz incilər bəxş edən böyük Füzulini yad edib, onun ana dilində yaratdığı poeziya nümunələrindən danışıblar.

Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin rəhbəri Barat Vüsal, Gəncə Dövlət Universitetinin müəllimi Vüsal Hicran, Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının müəllimi Yalçın Həsənov BDU-nun Qazax filialının tələbələri, Qazax və Ağstafa rayon məktəblərinin yuxarı sinif şagirdlərinin də iştirak etdiyi auditoriya qarşısında çıxış edərək, ülvi dəyərləri aşılayan məhəbbət və gözəllik carçısı Məhəmməd Füzuli irsinin tək azərbaycanlılar üçün deyil, bütöv Şərqin ədəbi nəsillərinə mühüm təsir göstərdiyini vurğulayıblar. Böyük ustadın şah əsəri hesab edilən “Leyli və Məcnun” poemasından misallar gətirən ədəbiyyatşünaslar bu dühanın əsərlərindəki motivlərə digər millətlərin şairlərinin dəfələrlə müraciət etdiyini bildiriblər. 

Azərbaycan Dövlət Aqrar Universitetinin filologiya üzrə fəlsəfə doktoru Sahib İbrahimli isə çıxışında Füzulişünaslıq üzrə yazılan ilk elmi əsərin müəllifi Mir Cəlalı xatırlayıb. Qeyd edib ki, burada görkəmli yazıçı dahi şairin bədii və fəlsəfi mahiyyətini müfəssəl şərh edərək, Azərbaycan ədəbi elmində yeni cığır açıb və gələcək nəsillər üçün Füzuli poeziyasına mükəmməl bələdçi yaradıb.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun direktoru Şəfəq Mehrəliyeva tələbə və şagirdləri klassiklərimizin əsərlərini oxumağa çağırıb. Milli kimliklərini daha yaxşı anlayaraq, onu yaşatmaq üçün bunun zəruri olduğu qeyd edən Ş.Mehrəliyeva böyük Füzuli də daxil olmaqla, klassik ədəbiyyatımızın əsrlərdən keçib bu günə çatmasının səbəbinin oxucu tərəfindən mədəniyyətimizin bir parçasına çevrilməsi olduğunu xatırladıb. 

Tədbirdə Qazax şəhər 2 saylı musiqi məktəbinin müəllim və şagirdləri “Leyli və Məcnun” operasından parçaları, “Füzuli kantatasını” ifa ediblər. Qazax Dövlət Dram Teatrının aktyorları dahi şairimizin qəzəllərini səsləndiriblər.

Xəbər lenti