Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının növbəti iclası keçirilib.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, iclası açan ADPU-nun rektoru professor Cəfər Cəfərov ötən dövrdə elmi adlar almış bir qrup əməkdaşa müvafiq diplomları təqdim edib. Tarix elmləri doktorları Namiq Niftiyev və Sevinc Əliyevaya, filologiya elmləri doktoru Sərdar Zeynalova professor attestatı, pedaqogika üzrə fəlsəfə doktoru Səidə Abdullayevaya isə dosent attestatı təqdim olunub. Daha sonra respublika fənn olimpiadasında fərqlənən tələbələr mükafatlandırılıblar.
Tədris departamentinin direktoru dosent Sənan Əliyevin “ADPU-da 2023/2024-cü tədris ilinin yaz imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələr barədə” məruzəsindən sonra cari məsələlər müzakirə edilib.
ADPU-nun elmi innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov monoqrafiyaların çapa təqdim edilməsi və elmi məsləhətçinin dəyişdirilməsi barədə məruzə edib.
Rektorun müşaviri Ümid Mehdiyev Şura üzvlərinə ADPU-nun Şəki filialının monitorinqi ilə əlaqədar arayış təqdim edib.
Sonda dosent Sənan Əliyev tədris-metodiki vəsaitlərin nəşrinə icazə verilməsi barədə məruzə edib.