Azərbaycan Dillər Universitetinin Təhsil 1, Təhsil 2 fakültələrinin, Əlavə Təhsil, Təcrübə və Karyera şöbəsinin birgə təşkilatçılığı və 193, 200 saylı məktəb-lisey kompleksi, 35 saylı tam orta məktəb və Kaspi Beynəlxalq Məktəbinin nümayəndələrinin birgə iştirakı ilə “Universitet və əmək bazarı” adlı dəyirmi masa keçirilib.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, açılış nitqi ilə Pedaqogika kafedrasının müdiri dos.Nigar Zeynalova çıxış edib. Kafedra müdiri çıxışında əmək bazarında məzunların rəqabətliliyinin yüksəldilməsi məqsədilə ADU-da həyata keçirilən tədbirlər barəsində məlumat verib, təcrübə mübadilə proqramları, könüllü proqramları, internaturanın təşkili ilə bağlı Pedaqogika kafedrası tərəfindən həyata keçirilmiş fəaliyyətləri diqqətə çatdırıb. Həmçinin, bildirib ki, əməkdaşlıq etdikləri müəssisələrin kadr təminatı prosesində məzunların uğurlu seçim kimi dəyərləndirilir, işə qəbul olunur.
Təhsil 1 fakültəsinin dekanı prof.Fikrət Cahangirov dəyirmi masanın əhəmiyyətindən danışıb, mövzunun aktuallığını vurğulayıb.
Təhsil 2 fakültəsinin dekanı dos.Salman Nuriyev kadr hazırlığı ilə mövcud vəziyyətin təsvirini verib, perspektivlər barədə məlumat səsləndirib.
Dəyirmi masada Təhsil I fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri dos.Günay Şirəliyeva, Tələbə Elmi Cəmiyyətinin sədri b/m. Röya Əliyeva, Əlavə Təhsil, Təcrübə və Karyera şöbəsinin müdiri Nicat Aşurlu, Təhsil 1 fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Nigar Hüseynova iştirak ediblər.